Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin mahnılarından ibarət konsert proqramı təqdim olunub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, konsertdə bəstəkarın ən populyar mahnıları teatrın instrumental ansamblının müşayiəti ilə solistlərin ifasında səsləndirilib. Ansamblın bədii rəhbəri Mirxalid Salayevdir.
Teatrın solistləri bəstəkarın əbədiyaşar mahnılarını ifa edərək konsertə gələnlərə nostalji, eyni zamanda, xoş anlar bəxş ediblər. Bir-birindən maraqlı ifalar Tofiq Quliev musiqisinin əsrarəngizliyini bir daha nümayiş etdirmiş olub.
Qeyd edək ki, Tofiq Quliyev Azərbaycan musiqi mədəniyyətində estrada-caz musiqisinin təməlini qoyaraq, yeni səhifə açmış korifey sənətkardır. O, Azərbaycan professional musiqi ənənələrinin Üzeyir Hacıbəyli tərəfindən əsası qoyulmuş istiqamətinin davamçısı olmaqla bərabər, yeni bir musiqi-mədəni janrın – estrada və caz musiqisinin, ilk Azərbaycan Dövlət Caz Orkestrinin yaradıcısıdır. Beş musiqili komediya , valslar, fortepiano üçün prelüd, variasiyalar, eyni zamanda, bir çox kino musiqilərinin müəllifi olan görkəmli bəstəkar estrada musiqisinin əvəzsiz sənətkarı kimi də tanınıb. Bəstəkarın lirik, şux, nikbin və oynaq çalarlı mahnıları əbədiyaşardır. Bu gün böyük bəstəkar aramızda olmasa da, onun mahnıları müxtəlif tədbirlərdə, konsertlərdə daim eşidilir. Görkəmli bəstəkarın mahnıları hələ neçə-neçə qərinələr sonra da sevgi və maraqla dinləniləcək.