2 Fevral – Azərbaycan Gəncləri Günü ilə əlaqədar forum keçirilib


2 Fevral – Azərbaycan Gəncləri Günü ilə əlaqədar“Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu” keçirilib. SİA xəbər verir ki, forum Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə gerçəkləşib.

200-dən çox Azərbaycan Könüllüsünü bir araya gətirən forumun əsas məqsədi İttifaq tərəfindən üzv təşkilatların fəaliyyətinin artırılması, dayanıqlı inkişafının təmin edilməsi, təşkilatlar arasında effektiv əlaqələrin qurulması, təcrübə mübadiləsinin təşviqi və kollektiv layihələri həyata keçirmək olub. Forumun rəsmi açılış hissəsində ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Forumda Azərbaycanın ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Asif Əsgərov, Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev və AKTİ-yə üzv təşkilatların rəhbərləri, media nümayəndələri, bir sıra rəsmi qonaqlar və könüllülər iştirak ediblər.

Çıxış edən rəsmilər 2 Fevral – Gənclər Gününün Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilməsi və bu günün Azərbaycan gəncliyinə verilən yüksək önəmin göstəricisi olduğunu vurğulayıblar. Qeyd edilib ki, könüllülük fəaliyyəti gənclərin şəxsi və peşəkar inkişafına töhfə verərək, eyni zamanda cəmiyyətə xidmətin mühüm bir formasıdır. Bildirilib ki, forum könüllü təşkilatlarının bir araya gəlməsi və gənclərin ideya mübadiləsi aparması üçün mühüm platformadır. Forumda Azərbaycan Könüllüsü, “Miqrasiya Könüllüsü” İctimai Birliyinin sədri Şəbnəm İbrahimli və Azərbaycan Könüllüsü, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İnformasiya Texnologiyaları şöbəsinin aparıcı mütəxəssisi Anar Əhmədli öz uğur hekayələrini paylaşaraq, könüllülük fəaliyyətlərinin şəxsi və peşəkar inkişafda necə böyük əhəmiyyət daşıdığını vurğulayıblar.Daha sonra forumda gənc regional nümayəndələr və bir qrup Azərbaycan Könüllüləri səmərəli fəaliyyətlərinə görə mükafatlandırılıb. Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra istedadlı Azərbaycan Könüllülərinin ifasında musiqili bədii proqram dinlənilib.

Forum çərçivəsində “Könüllülük hərəkatında yeni perspektivlər və dayanıqlı inkişaf” adlı panel sessiya təşkil edilib. AKTİ-nin sədri Vüqar Əliyevin moderatorluğu ilə keçirilən paneldə spikerlər – Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun aparıcı məsləhətçisi, AKTİ-ninİdarə heyətinin üzvü Emiliya Bayramova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev və “Regional İnkişaf” İctimai Birliyinin Layihələr və Könüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyeva çıxış ediblər. Onlar “Könüllülükdə dayanıqlı inkişaf və beynəlxalq təmsilçilik”, “Regionlarda gənclər üçün karyera imkanları”və “Region könüllülük hərakatında mövcud problemlər və həlli yolları” mövzularında fikirlərini bölüşüblər.

Bildirilib ki, könüllülük fəaliyyətlərinin dayanıqlı inkişafını təmin etmək üçün strategiyalar hazırlanmalı, resurs çatışmazlığı, motivasiya və koordinasiya kimi problemlərin həlli istiqamətində addımlar atılmalıdır. Gənclərin beynəlxalq könüllülük hərəkatlarında aktiv iştirakı ölkəmizin beynəlxalq səviyyədə tanınmasına və daha geniş əməkdaşlıqlara şərait yaradır. Həmçinin, könüllülük hərəkatının regional miqyasda da genişləndirilməsi vacibdir. Regionlarda karyera imkanlarının artırılması, gənclərin gələcək iş həyatına hazırlığına və şəxsi inkişafına müsbət təsir göstərir. Könüllü fəaliyyətlərgənclərə təcrübə qazandırmaq və onların iş bazarında rəqabət üstünlüyü əldə etmələri üçün əvəzsiz bir vasitədir.

Əlaqəli Xəbərlər