Azərbaycanın azad edilmiş ərazilərində hələ də ən böyük problem minalarla bağlıdır. SİA xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (2026-2030-cu illər) üzrə “Yüksək Səviyyəli Strateji Prioritetləşdirmə” tədbirində bildirib.
“Azərbaycan davamlı rəqabət qabiliyyətli və inkluziv iqtisadiyyatın qurulmasına, “yaşıl iqtidadiyyat”ın təkamül edilməsinə, sosial rifahın yüksəldilməsinə və gələcək naminə uzunmüddətli dayanıqlılığın təmin edilməsinə yönəlmiş bir yol xəritəsinə malikdir. Bu istiqamətdə sürətlə irəliləməyimizə baxmayaraq, uzun müddət işğal altına qalmış ərazilərimizdə mina probleminin mövcudluğu hələ də ən böyük maneələrdən biri olaraq qalır”, – o qeyd edib.
Y. Rəfiyev vurğulayıb ki, Azərbaycan hazırda dünyada mina çirklənməsindən ən çox əziyyət çəkən ölkələrdəndir: “Biz azad edilmiş ərazilərdə sabit, təhlükəsiz və rifah dolu gələcək qurmaq üçün 18-ci Dayanıqlı İnkişaf Məqsədini təşəbbüs olaraq irəli sürməklə bu sahəyə xüsusi diqqət ayırmağın əhəmiyyətini vurğulayırıq”.