“Məlumunuzdur ki, Azərbaycanda 2 fevral – Gənclər Günüdür. Ümummilli Lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.
O bildirib ki, 1997 – ci ildən etibarən həmin gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanılıb: “Ulu Öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı fərmanla təsis olunan bu əlamətdar gün gənclərimizin cəmiyyətdəki roluna verilən yüksək qiymətdir. Ümummilli Lider tərəfindən təməli qoyulmuş və bu gün davam etdirilən dövlət gənclər siyasəti uğurla davam edir.
Ümummilli Lider gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib.
Dövlətimiz tərəfindən gənclərin sosial, iqtisadi və digər problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, qanunlar və Dövlət proqramları qəbul olunub. Bu dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına müsbət təsir göstərib. Bu gün Azərbaycanda gənclər siyasəti keyfiyyətcə yeni mərhələsini yaşayır. Ölkə rəhbəri İlham Əliyev Ümummilli liderin gənclər siyasətinə sadiqliyini qərarları ilə təsdiqləyir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir”.
Onun sözlərinə görə, 2003-cü ildən sonrakı dövrdə gənclər siyasətinin inkişaf istiqaməti mövcud ənənələr əsasında daha da təkmilləşdirildi: “Gənclərimiz dövlətimizin onlara göstərdiyi diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, məsuliyyətini də dərk edir və dövlətimizin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, öz töhfəsini verməyə çalışır.
Azərbaycan gəncləri 2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsində öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların vətənpərvərlikləri Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, Azərbaycan xalqı 30 illik həsrətdən sonra tarixi torpaqlarına qovuşdu”.