Azərbaycanın Aran zonasında bələdiyyə seçkiləri üzrə seçici fəallığı müşahidə olunur. SİA-nın məlumatına görə, Salyan rayonunda 2 – 64 saylı Salyan və 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi fəaliyyət göstərir.
65 saylı seçki dairəsində 50 seçki məntəqəsi yaradılıb. Bunların 38-i Salyanda, 6-ı Biləsuvarda, 6-i da Neftçalada yerləşir.
Bələdiyyə seçkilərində 52 min 665 nəfər, o cümlədən Salyanda 39 min 394, Biləsuvarda 7 min 477, Neftçalada isə 5 min 794 seçici qeydiyyatdadır. Seçki prosesini birbaşa izləmək üçün məntəqələrdə 9 veb-kamera quraşdırılıb.
Bu gün keçirilən bələdiyyə seçkilərini dairədə 584 yerli müşahidəçi izləyir. Seçki dairəsində 7 bələdiyyə uğrunda 159 namizəd mübarizə aparır. Onlardan 81 nəfəri bələdiyyə üzvlüyünə seçiləcək.
Bələdiyyə seçkilərində həmçinin 64 saylı Salyan seçki dairəsində 50 min 531 nəfər, 70 saylı Neftçala seçki dairəsində 51 min 478 nəfər, 63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsində 51 min 454 nəfər, 51 saylı Şirvan seçki dairəsində 53 min 422 nəfər, 67 saylı Sabirabad seçki dairəsində 54 min 740 nəfər, 66 saylı Saatlı seçki dairəsində isə 48 min 8 seçici qeydiyyatdadır.
Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.
Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.