Azərbaycanın tanınmış şoumeni, aktyor və müğənni, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar artisti Qorxmaz Əlilicanzadənin SİA-ya verdiyi müsahibəsini təqdim edirik:
– Bayağı mahnılara qarşı necə mübarizə aparmaq lazımdır ki, bunun qarşısı alınsın?
– Bilirsiniz, Sovet dövründə toyxanalar səviyyəsində mahnılar çox yazılırdı. Əvvəllər toyxana vardı, toyxanada muğam ifaçıları vardı. Onların da sambalı vardı və rəqslər çalınardı. Bizdə Maştağa kəndində belə idi. Saat 1-də musiqiçilər gələrdilər, rəqs havaları çalardılar, dincələrdilər sonra yenə çalardılar. Saat 7-də içəri muğam girərdi. Muğamat saat 12-yə qədər oxuyardı, 12-dən sonra dincələrdilər, yarım saatdan sonra aşıqlar gələrdilər. Aşıq Pənah, Aşıq Qurban, Aşıq Bilal, Aşıq Şakir görmüşəm. Bizdə Maştağada o kişini çox istəyirlər. Saat 3-ə qədər dastanlar oxuyardılar, saat 4-də meyxana gələrdi. Hamı dağılardı 10-20 nəfər meyxana həvəskarları qalardılar. Yəni bizdə belə bir ənənə vardı. Toyxanalar ki, döndü kampaniya oldu. Artıq kampaniyada ifalar dəyişdi. Çünki muğam o qədər ləzzət eləmirdi. Çünki toyxanalar kampaniyaların özünün rəqsə daha çox meyli var idi. Rəqs havalarını da tədricən mahnılar əvəz etməyə başladı.
Artıq bəstəkarlar peşəkar mahnılar yazırdılar. Sonralar əldəqayırma mahnılar ortaya düşdü. Habil Əliyevin bir sözü vardı: “Əvvəl bizə oxuyanda qulaq asırdılar, indi arxalarını çevirib oynayırlar. Bilmirlər ki nə oxuyursan?” Hətta bir oxuyan vardı. Rəhmətlik Əbülfət Əliyevin pensiya vaxtı, Məhəbbət Kazımovun da dəbdə olan vaxtı idi. Hamı onu axtarır, bu söz yadından çıxır oxumağa başlayır ki, Məhəbbət, Məhəbbət, Məhəbbət olsun, eybi yox olmasa Əbülfət olsun. Bir adam dönmədi ki, bu nədir oxuyursan? İndi videolar çıxandan sonra oxuyanlar səliqəli oxuyurlar, ağızlarına gələni oxumurlar.
– Sizcə, bayağı müğənni kimə deyilməlidir?
– Musiqinin sözlərini əzbərləmək lazımdır. Rəhmətlik Məmmədbağır necə oxuyurdu, əzbərləyib oxuyurdu. Rəhmətlik Əlibaba ilə qastrola gedirdik. Rəhmətlik Səxavətin üstünə qışqırırdı deyirdi sözləri əzbərlə. O gün toyda görürəm qoyub qabağına oxuyursan. Sabah qocaldın eynək taxıb oxuyacaqsan? Əzbər biləndə fikrin sözün yanında qalmır. Bu peşəkar oxumağın bir minusu budur. 2-ci minusu mahnılar vardı ki, bir bəndlə nəqarətin arası olurdu kvinta, kvarta, oktava. Niyə Əlibaba Məmmədovu o vaxtı Ələkbər Tağıyev, Qara Qarayev qəbul eləmirdi? Orada sözün düzgün yazılış ifası vardı. Neçə ildir oxuyurlar “Can- canadır, Can- cana”. Bu can-cananın nə mənası var? Can-cananı oxuyan o sözün mənasını anlamır və onu oxuyur. Bayağılıq ondan irəli gəlir ki, musiqi özü də bayağıdır, bəstəkarı məktəb görməyib.
– Son günlər sosial şəbəkələrdə müğənni Aygün Kazımovanın son mahnısı müzakirəyə çevrildi. Sözləri qeyd olunurdu ki, düzgün deyil. Qeyd olundu ki, çoxdan yay çıxıbdır oxdan. Yəni bu yay oxdan necə çıxa bilər? Bunu müzakirəyə çevirdilər.
– Oxuyan musiqi janrını tembrlərə bölür. Üzeyir Mehdizadənin özünə görə səsi var. Mehdizadə özünə yol seçdi, bunu gənclərə görə oxudu. Bu xaricilərdə tutdu. Bizdə də tutdu. Amma biz ona sənət kimi baxmadıq. O başqa söhbətdir. Mehdizadəyə demək olmaz, səsin yoxdur. Bizim evimizi yıxan kompüterlərdir. O qədər effektlər verirlər.
– Musiqi Akademiyası ildə nə qədər bəstəkar yetişdirir? Bəs, musiqimiz niyə bu gündədir?
– Bilirsiniz, Musiqi Akademiyasında Avropa musiqisinin bəstəkarlarının əsərləri üzərində bəstəkar yetişdirilir. Çünki bəstələnən mahnıların akademikliyi onun üçsəsli, dördsəsli, beşsəsli olması böyük bir işdir və bəstəkarlar da muğamları öyrədirlər, simfoniya öyrədirlər. O başqa məktəbdir. O mahnı janrı deyil. O mahnı janrı o bəstəkarın içindən gələn savaddır, meyldir ki gəlir yazır.
Tofiq Quliyevin simfonik əsərləri olub. Amma mahnı janrında öz zəhmətlərini, əziyyətlərini veriblər. Konservatoriya mahnı yazan bəstəkar yetişdirmir. Orada bəstəkar deyil onun adı kompozitordur. Çünki musiqi hissələrindən kompozisiya qurur, 3-4 hissəli əsərlər qurur. Bunlar başqa sənətdir. Amma mahnı janrı bəsit bir formada yazılmış mahnıdır. Peşəkar bəstəkar ona müraciət edib yazanda peşəkar olur.
– Müasir dövrdə adını müğənni qoyanlar dəyərli xalq və bəstəkar mahnılarımızı yeni üslubda oxuyub qol-qanadını qırırlar. Bunun qarşısı alınmalıdır. Sizcə, bunu necə etmək olar?
– Mən yaxşı düzgün oxuyana qulaq asıram. Düzgün oxumasa, ona qulaq asmıram, deyirəm ki səhv oxudu. İstəyir kim olur-olsun, səhv buraxdısa, deyirəm ki artıq bu mahnını oxuya bilmədi.
– Bugün toy biznesi monopoliyaya çevrilib. Sizcə, bunun qarşısı alınmalıdırmı yoxsa belə davam edəcək?
– Qarşısı alına bilməyəcək. Onlar bir şeyi başa düşməlidirlər ki, toyxana üçün ayrı repertuar olmalıdır. Efirə gələndə layiqli repertuarla gəlsinlər.
Ayşən Vəli