“Əhali daima sağlam, gənc olmalıdır”


“Əhalinin təbii artımı mövzusu hal-hazırda bütün ölkələrdə aktual məsələlərdən biridir, çünki bəzi ölkələrdə qlobal miqyasda sərt enmələr olur. Azərbaycanı təhlil edən zaman statistik rəqəmlərdə demoqrafik artımda heç vaxt olmadığı qədər ləngimə müşahidə olunur. Bu qlobal prosesin tərkib hissəsidir, çünki beynəlxalq miqyasda çoxuşaqlı ailələrə maraq yoxdur. Ailə planlaşmasında 1, 2 ən yaxşı halda isə 3 uşağa üstünlük verilir. Azərbaycanda da qlobal ləngimə bu tendensiya ilə bağlıdır. Dünyada elə bir hadisə baş verməsin ki, digər ölkələrə də təsir göstərməsin, eynilə Azərbaycan da dünyanın bir parçasıdır. Azərbaycan ailəsi düşünür ki, çox olmaqdansa az uşaq olsun, onu keyfiyyətli, ağıllı, daha yüksək şəkildə təhsillə təmin edərək böyütsün”. Bu sözləri sosioloq Üzeyir Şəfiyev SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, insanların bir qismi isə ümumiyyətlə ailə məsuliyyəti daşımaq istəmir: “Ona görə də Azərbaycanda əhalinin təbii artımında ləngimə var. 2023-cü ilin statistikasına baxanda keçən illərə nisbətən 15 % əhalinin təbii artımında azalma müşahidə olunur. Həmçinin 2024-cü ildə də bu hadisəyə rast gəlinir. Əhalinin təbii artımı cəmiyyətin qocalmasını şərtləndirə bilər. Əgər əhalidə yaşlı nəsil 8% faizdən çoxdursa artıq o cəmiyyət qoca sayılır. Azərbaycan Sosial Xidmətlər haqqında da göstərilən qanunda 65-70 yaşlı insanların sayı əhalinin 11% faizini təşkil edir. Yəni Azərbaycanda da əhalinin qocalması bizi orta perspektivdə təhdid edə bilər. Bu bir baxımdan dövlət üçün maliyyə yükü hesab edilir. İkinci növbədə isə xarici miqrantların marağını Azərbaycanın əmək bazarına artırır, həmçinin o ölkələrin rastlaşdığı vəziyyəti Azərbaycanda da görünə bilər. Miqrantların çoxalması həm əmək bazarında, həm də milli genefonda təhlükəli vəziyyət yarada bilər”.

Sosioloq həmçinin qeyd edib ki, əhalinin təbii artımının aşağı düşməsi orta prespektivdə səfərbərliklə bağlı problemlər yarada bilər: “Eyni zamanda ölkənin qüdrəti onun keyfiyyətli əhalisi ilə ölçülür. Bu gün ölkələr çalışır ki, demoqrafik siyasət yürütsün. Rəcəb Tayyib Ərdoğan demoqrafik siyasəti təşviq edir, Türkiyə minimum 3 uşaqlı olmaqla çıxış edir. Bununla yanaşı Türkiyə qardaş Azərbaycan üçün 5 uşaqlı ailələrlə olmasını tövsiyyə etdi. Biz təbii artımı təşviq etməyə çalışmalıyıq. Azərbaycan elə bir ölkədə yerləşir ki, onun daima keyfiyyətli əhali prioriteti olmalıdır, əhali artımı daima diqqət mərkəzində saxlanılmalıdır. Çünki Azərbaycan geosiyasi çarpışma nöqtəsində yerləşir. Buna görə də əhali daima sağlam, gənc olmalıdır”.

Əlaqəli Xəbərlər