İnkişafın, inancın və irəliyə doğru addımın simvolu


“Gənclər cəmiyyətin dinamik qüvvəsidir və onların inkişafı bir millətin gələcəyini formalaşdırır. Hər bir dövrün inkişafı, dəyişməsi və tərəqqisi məhz gənc nəsillərin enerjisi və yenilikçi baxışları ilə mümkün olmuşdur. Bu gün elmin, texnologiyanın və mədəniyyətin ön cəbhəsində gənclər dayanır, onların ideyaları və səyləri dünyanı dəyişməyə davam edir”. Bu sözləri SİA-ya açıqlamasında İRƏLİ İctimai Birliyinin sədri Şahin Rəhmanlı deyib.

O bildirib ki, ancaq gəncliyin təkcə biliyə deyil, həm də inama və cəsarətə ehtiyacı var: “Çünki xəyallar qanad kimidir – gənclər yalnız onlara güvəndikdə zirvələrə uça bilərlər. Zamanın özü belə gəncliyin enerjisi qarşısında dayanmağa cəsarət etmir, çünki onlar hər gün yeni bir səhifə yazırlar. Tarix sübut edir ki, böyük ideyalar və inqilabi kəşflər məhz gənc beyinlər tərəfindən ortaya qoyulmuşdur.

Müstəqil Azərbaycanın qurucusu, Azərbaycan Dövlət Gənclər Siyasətinin banisi ümummilli lider Heydər Əliyev daim gənclərə xüsusi diqqət və qayğı ilə yanaşmış, onların cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsinə şərait yaratmışdır. Məhz onun rəhbərliyi ilə 1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyası həm də gənclərin hüquqlarını, təhsil almaq, inkişaf etmək və ölkənin ictimai-siyasi həyatında fəal iştirak etmək imkanlarını təmin etdi. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildən etibarən hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü kimi qeyd edilir və gənclərin bayramına çevrilib. Bu gün həm də gənclərə olan inamın, etimadın göstəricisidir.

Ölkə başçısı tərəfindən 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik” ili elan edilib. Konstitusiyamızın qəbulunun 30 illiyi və Vətən Müharibəsindən 5 il keçməsi, Azərbaycanın qısa zamanda keçdiyi uzun yolu, onun gücünü, dövlətçilik tarixini bir daha göz önünə sərir. Azəbaycan gənclərinin I qurultayındakı çıxışı zamanı Ulu Öndər Heydər Əliyev xüsusilə qeyd edirdi: “İndi bütün gənclərin fəaliyyəti artıq keçmiş ideoloji tələblərdən, ideoloji prinsiplərdən, ideoloji buxovlardan azaddır. Hamımız üçün bir məqsəd var, müstəqil Azərbaycan Respublikası və onun Əsas Qanunu Konstitusiyası var.. Əziz gənclər, mən bizim gənclərin qarşısında duran yalnız bir neçə vəzifə haqqında danışdım. Bu vəzifələrin hamısı Konstitusiyadan irəli gələn vəzifələrdir. Əminəm ki, siz Azərbaycan Konstitusiyasını dərindən öyrənəcəksiniz, mənimsəyəcəksiniz və öz təhsilinizi, həyatınızı, həyat fəaliyyətinizi Konstitusiyanın tələblərinə uyğun quracaqsınız. Mən əminəm ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Çünki bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir. Mən əminəm kı, müstəqil Azərbaycanın gələcəyini qoruyub saxlaya bilən gənc nəsillər yetişir. Onların nümayəndələri bu salondadır. Onların nümayəndələri bugünkü uşaqlardır, yetişən gənclərdir. Ona görə də biz yaşlı nəslin nümayəndələri arxayınıq ki, siz, əziz gənclər, müstəqil Azərbaycan Respublikasının nə qədər çətinliklə başa gəldiyini dərk edərək müstəqil Azərbaycan Respublikasının gələcəyini qoruyub saxlayacaqsınız. Mən buna əminəm!”

Bəli, bu gün ölkəmiz həmin əzəmətinə gəlib çatıb. Gənclərimiz, bu tarixi anları yadda saxlamalı, dövlətimizin nə qədər güclü və müstəqil olduğunu hər zaman fərq etməlidirlər.

Vətən müharibəsində gənclərimizin göstərdiyi şücaət, onların nə qədər cəsur, qəhrəman və vətənpərvər olduqlarını bir daha sübut etdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında güclü Azərbaycan ordusu tarix yazdı. xalqımızı illərdir həsrətində olduğu qələbəyə qovuşdurdu. Azərbaycan gəncləri, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda ölümün gözünə dik baxdılar. Bu qələbə, yalnız ərazi bütövlüyümüzün bərpası deyil, həm də Azərbaycanın suverenliyinin, müstəqilliyinin bütün dünyaya nümayiş etdirilməsi ilə nəticələndi”.

“Müzəffər Ali baş komandan müsahibələrinin birində qeyd edirdi ki: “Siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qələbəni yaxınlaşdırırdı və bütün amillər birləşərək bu müharibənin nəticələrini şərtləndirdi”. Bu gənclik təsadüfi şəkildə yetişmədi. Azərbaycan gəncliyinə inan Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi “Dövlət Gənclər Siyasətinin” nəticəsində formalaşdı. Ailədə, məktəbdə milli-mənəvi dəyərlərə uyğun verilən tərbiyə ilə böyüdülər. Və nəticədə hər biri qəhrəman oldu.

Gənclik ruhu coşqun və sərhədsizdir – onu doğru istiqamətə yönləndirmək bizim vəzifəmizdir. Hər bir gəncin qəlbində bir günəş doğur, yalnız ona inam və cəsarət bəxş edildikdə dünyanı işıqlandıra bilər. Biz birlikdə gəncləri ilhamlandırmalı, onların səsinə qulaq verməli və onlarla bərabər gələcəyə inamla addımlamalıyıq. Azərbaycan gəncliyi, bu ölkənin ən böyük sərvətidir. Bu sərvəti qoruyaq, inkişaf etdirək və gələcək nəsillərə örnək olaq. Təşəbbüskar olaq, öyrənək, öyrədək, yaxşılıq edək. Çünki yaxşılıq, ən böyük dəyərdir. Bu dəyərlə böyüyən gənclər, Azərbaycanın gələcəyini daha da şanlı edəcək

Əziz gənclər! Hər birinizi Gənclər Günü münasibəti ilə təbrik edirəm! Bayramınız mübarək!” – deyə o, əlavə edib.

Əlaqəli Xəbərlər