Çin Mərkəzi Televiziyasının (CCTV) Çin Yeni ili və ya yaz festivalı münasibətilə təşkil etdiyi qala-konsertdə insanabənzər robotlar maraqlı rəqs nömrəsi təqdim edib. SİA xəbər verir ki, Çinin “Unitree” şirkətinin istehsalı olan 16 robot bir o qədər rəqqas qızla birlikdə səhnəni bölüşüblər. Ənənəvi Çin rəqsi olan “Yankgko”nu ifa edən robotlar rəqsin bütün elementlərinin, habelə yaylıq fırlatmanın öhdəsindən gəliblər. Bununla “Fuxi” adlı robotlar ənənəvi incəsənət ilə texnologiyanın nailiyyətlərini birləşdirməyi bacarıblar.
İstehsalçı şirkətin nümayəndəsi bildirib ki, robotların hazırlanmasında süni intellektdən (AI) istifadə olunub. Hər birinin hündürlüyü 1,8 metr, çəkiləri 47 kiloqram olan robotlar Yeni il bayram konsertində çıxış etmək üçün 3 ay intensiv məşq ediblər. Bu robotların bazar dəyəri 650 min yuandır (təxminən 90 min ABŞ dollar).
Qeyd edək ki, Çin Yeni ilinin (Yaz festivalı) ən əlamətdar hadisələrindən bir CCTV-nin bayram axşamı təşkil etdiyi qala-konsertdir. 1983-cü ildən bəri təşkil olunan konsertdə tanınmış incəsənət ustaları və xaricdən dəvət olunan qonaqlar çıxış edirlər. Çin Mərkəzi Televiziyasının Yeni il qala-konserti dünyada ən çox tamaşaçının izlədiyi televiziya proqramı kimi “Ginnesin Rekordlar Kİtabına” düşüb. Builki konsertin bütün media platformaları üzrə 16,8 milyard izləyicisi olub. Bu da keçən ilki rəqəmdən 18,31 faiz çoxdur.