“Seçki dövlətin gücünü göstərir. İki gün öncəki bələdiyyə seçkiləri Azərbaycan dövlətçiliyinin yeni bir sınaq imtahanı oldu”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
O bildirib ki, hər bir seçki dövlət və cəmiyyət üçün ötən dövrə yekun vurmaq, digər tərəfdən isə gələcəyə planların qurulmasıdır: “Seçki dövlətin demokratiyaya və insan haqqlarına bağlı olduğunu göstərir. Hesab edirəm ki, bələdiyyə seçkiləri demokratik, şəffaf və rəqabətli keçdi, insanlar seçkiyə maraq göstərdi. Baxmayaraq ki, yerli idaretmə orqanının üzvləri seçilirdi, bununla belə namizədlər öz güclərini sınadılar, seçki təbliğatını aparmaq üçün bütün şəraitlər yaradıldı.
Bu seçkinin əvvəlki bələdiyyə seçkilərindən fərqi bələdiyyələrin iriləşdirilməsi, onların daha böyük ərazidə fəaliyyət göstərməsi üçün şərait yaradılması oldu. Bələdiyyələr dövlət orqanı deyil, dövlət tərəfindən maliyyələşmirlər. Onlar yerli idaretmə orqanıdır və yerli məsələləri həll edirlər. Bələdiyyələr təsərrüfat fəaliyyəti ilə məşğul olmaq, iş yerləri yaratmaq hüquqlarına sahibdir. Aydın məsələdir ki, kiçik bələdiyyələrin böyük planlar qurmaq imkanı yoxdur. Vaxtı ilə 3000-dən çox olan bələdiyyə 800-ə qədər iriləşdirildi və resurslar, imkanlar birləşdirildi. Bu imkan verəcək ki, bələdiyyələr böyük layihələr həyata keçirsinlər, bank krediti götürsünlər, grandlar alsınlar. Öz ərazilərinin abadlaşdırılması, istirahət guşələrinin yaradılması, kiçik müəssisələrin, hətta uşaq bağçaları və məktəblərin yaradılması ilə məşğul olsunlar, bunu bacaracaqlar”.
“Görünən odur ki, tərkib xeyli dərəcədə dəyişdi. İnsanlar gənclərə, ziyalılara iş adamlarına, ağsaqqallara üstünlük verdilər. Tanınan insanların yerli əhəmiyyətli məsələlərin həllinə öz gücünü göstərmək imkanını dəstəklədilər. Hesab edirəm ki, yeni seçilən bələdiyyələr insanların etimadını doğruldacaq, daha yaxşı işləyəcəklər və əvvəlki dövrlərin səhvlərini buraxmayacaqlar. Bələdiyyələr insanların vaxtaşırı qapısını döydüyü, öz məsələlərinin həlli üçün müraciət etdiyi bir ünvan kimi öz nüfuzunu bir daha təsdiqləyəcək” – deyə o, əlavə edib.