“Nigahdan sonra qadının soyadını dəyişdirməsi hüquqi baxımdan məcburi deyil. Qadın öz soyadını həm dəyişə, həm də dəyişməyə bilər. Bu, tamamilə şəxsi bir qərardır və qadının istəyi ilə əlaqədardır”. Bu sözləri SİA-ya açıqlamasında YYSİB-nin sədr müavini, Sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.
Ramal Əliyev sözlərinə belə davam edib: “Qeyd etmək lazımdır ki, soyadın dəyişdirilməsi, gələcəkdə baş verəcək boşanma və ya mülk bölgüsü məsələlərinə heç bir təsir göstərmir. Bu cəhətdən, soyadın dəyişdirilməsi yalnız şəxsi seçimi əks etdirir, hüquqi müstəvidə isə hər hansı bir yük daşıyıcı deyil.
Bundan əlavə, soyadının dəyişdirilməsi, qadının ərinə olan sevgi və hörmətini göstərən bir göstərici kimi qiymətləndirilməməlidir. Bu, sosial bir ənənə olsa da, şəxsi seçimdən başqa bir şey deyil. Qadınların öz kimliklərini qorumaq və öz soyadlarını daşımaq haqqı var.
Cəmiyyətimizin müsəlman bir cəmiyyət olduğunu nəzərə alaraq, İslam dininin bu məsələyə yanaşmasını da nəzərdən keçirmək vacibdir. İslamda qadın və ər öz soyadlarını daşımalıdırlar və bu mövzuda hər hansı bir dəyişiklik qadağan edilmişdir. Bu yanaşma, qadın və kişinin hüquqlarını qorumağa yönəlmişdir və onların şəxsi şəxsiyyətlərini əks etdirir.
Mən şəxsən 23 illik evlilik təcrübəsinə sahibəm və həyat yoldaşım öz soyadını dəyişdirməyib. Bu məsələ barədə müsbət fikirdə deyiləm və soyadını dəyişdirmək israrı göstərən bəylərin yanaşmasını qəbul etmirəm. Bu cür təzyiqlər, şəxsi seçimlərə və hüquqlara hörmətlə yanaşılmadığının göstəricisidir. Evlilikdə əsas olan anlayış, qarşılıqlı hörmət və anlaşmadır, yoxsa cəmiyyətin müəyyən etdiyi formal şəklə uyğunlaşmaq deyil”.
Ayşən Vəli