Gənclər Azərbaycanın inkişafına öz töhfələrini verməkdədir


Azərbaycanın müstəqillik yolu boyunca gənclər hər zaman dövlətimizin əsas diqqət mərkəzində olub. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bu siyasət gənclərin sosial, intellektual və mədəni inkişafını təmin etməklə yanaşı, onların ölkəmizin gələcəyi naminə aparıcı qüvvəyə çevrilməsinə şərait yaratmışdır.

Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir.” Bu dərin fikirlər gənclərimiz üçün bir yol xəritəsi kimi qalmaqdadır. Gənclərin vətənpərvər ruhda tərbiyəsi, onların yüksək təhsil alması və mənəvi dəyərlərimizi qorumaqla müasir çağırışlara cavab verə bilən vətəndaşlar kimi yetişməsi daim diqqət mərkəzində olmuşdur.

Ulu Öndərin gənclər siyasətinin ən əhəmiyyətli addımlarından biri 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü elan edilməsidir. 1997-ci ildə imzalanmış müvafiq sərəncamla təsis edilən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd edilmişdir. Həmin tarixdən etibarən Azərbaycan Gəncləri Günü gənclərimizin nailiyyətlərinin qiymətləndirilməsi, onların dövlət həyatındakı rolunun artırılması və təşəbbüslərinin dəstəklənməsi baxımından mühüm bir tarixə çevrilmişdir.

Vətənpərvərlik gənclər siyasətinin əsas istiqamətlərindən biridir. 44 günlük Vətən müharibəsində gənclərimizin göstərdiyi qəhrəmanlıq bunun bariz nümunəsidir. Hərbi xidmətə böyük ruh yüksəkliyi ilə qatılan Azərbaycan gəncləri ölkəmizin ərazi bütövlüyünü bərpa edərək tariximizə şanlı bir səhifə yazdılar. Bu da Ulu Öndərin əsrlərə söykənən azərbaycançılıq ideologiyası ilə tərbiyə etdiyi gənclik siyasətinin təntənəsi idi.

Eyni zamanda, informasiya cəbhəsində də Azərbaycan gəncləri öz fəallığı ilə seçilmişdir. Sosial şəbəkələrdə informasiya müharibəsində iştirak edərək Azərbaycanın haqlı mövqeyini müdafiə edən gənclər ölkəmizin beynəlxalq müstəvidə üstünlük qazanmasına mühüm töhfə vermişlər.

Təhsil sahəsində də gənclərin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almasına dövlət dəstəyi verilməsi onların intellektual səviyyəsinin yüksəlməsinə xidmət edir. Prezident İlham Əliyevin dediyi kimi, “İndiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər.”

Dördüncü Sənaye İnqilabı dövründə gənclərin rəqəmsal biliklərə yiyələnməsi və dünya proseslərinə uyğunlaşması zəruridir. Gənclər müasir texnologiyaların tətbiqi ilə yanaşı, milli-mənəvi dəyərlərə bağlı qalaraq cəmiyyətin hərtərəfli inkişafına xidmət etməlidir. Bu yanaşma ölkəmizin gələcək inkişafına təminat verəcək əsas amillərdəndir.

Azərbaycan gənclərinin ictimai-siyasi həyatda fəal iştirakı və yaradıcı təşəbbüsləri dövlətin davamlı inkişafında mühüm rol oynayır. Dövlətin yaratdığı geniş imkanlardan faydalanan gənclər elm, texnologiya, incəsənət və digər sahələrdə mühüm uğurlar qazanaraq Azərbaycanın inkişafına öz töhfələrini verməkdədirlər.

Fəsli Nəbiyev,

YAP Gənclər Birliyinin sədr müavini

Əlaqəli Xəbərlər