“Ekoloji məsələlər bir çoxumuzun ən yaralı yeridir”


“Yaşıl enerji sahəsini mənimsəmək üçün ilk növbədə düzgün bir şəkildə maarifləndirmə təşkil olunmalıdır. Düzgün bir şəkildə marifləndirmə isə sualların düzgün bir şəkildə qoyuluşundan başlayır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Elman Sadıqov deyib.

O bildirib ki, ilk olaraq biz anlamalıyıq ki, cəmiyyətimizdə bu sahədə bilik və məlumatlılıq, təəssüf ki, çox aşağıdır: “Bilik və məlumatlılıq kifayət qədər olmadıqda isə yaşıl enerji mənbələrinin kütləvi tətbiqinə başlamaq və yayılmasına nail olmaq, növbəti mərhələdə alternativ enerji sahəsində daha mürəkkəb və müasir texnoloji yeniliklərin tətbiqinə keçmək nisbətən çətin olur. Biz bu sahədə hər hansı bir təklifi vermək üçün, bu məsələdə olan tərəflərin maraq və gözləntilərini dərindən təhlil edərək anlamalıyıq. Məsələn, yaşıl enerji ilə bağlı hər hansı bir sahə üzrə bir şirkətin öz məhsullarını satması, öz xidmətini verə bilməsi, dövlətin bu sahədə öz siyasətini uğurla həyata keçirə bilməsi üçün həm də düzgün, savadlı əsaslandırılmış tələb formalaşmalıdır. Yəni, insanlar bilməlidirlər ki, yaşıl enerjiyə keçid ona görə vacib deyildir ki, bu trend müasir dövrün dəbidir, ölkələr yaşıl enerjiyə keçir və ya başqa ölkələrdə olduğu üçün bizdə də olsun məsələsi deyil. Bəli, bu, qarşısı alınmaz bir trenddir. Bu trend vacibdir, qaçılmazdır. Vacib və qaçılmaz olan bu trend əslində təkcə iqtisadi deyil, həm də sağlıq məsələləridir, təmiz və daha sağlam gələcək deməkdir. Burada əlbəttə iqtisadi motivlər, qənaət məsələləri, həm makro-iqtisadiyyata dəyər qatmaq məsələsi var, həm də ən əsas məsələ ölkə ekologiyasını qorumaq məsələsi var. Biz bu istiqamətləri ayrılıqda, yaxşı bir şəkildə araşdırıb, onları cəmiyyətə düzgün bir şəkildə çatdıra bilsək və yaşıl enerjinin rentabelli bir şəkildə tətbiqi üçün nələr lazımdır, haralardan başlamaq lazımdır, hansı sahələrdən başlamaq, ilkin olaraq hansı rayonlarda başlamaq daha effektivdir, bunları əsaslandırılmış bir şəkildə ortaya qoyaraq tətbiq etsək, daha böyük uğur əldə edə bilərik. Məsələni tam olaraq bütün tərəflərin prizmasından da görərək dərk etməklə daha effektiv nəticə əldə edə bilərik.

Digər bir məsələ bu sahənin mütəxəssislərinin, amma sözün həqiqi mənasında mütəxəssislərinin və bir də bu sahənin fəlsəfəsini anlayan insanların bu sahə haqqında fikir bildirmələri çox doğru olar. Hər hansı bir məsələnin,sahənin iki tərəfi var, istər kənd təsərrüfatı, istər turizm, istər istehsal. Məsələn, turizm sahəsinin inkişafında, turizm sahəsində olan ekspertlər danışır, kənd təsərrüfat sahəsində, kənd təsərrüfatından olan insanlar danışır, məsələn, texnologlar, agronomlar, zootexniklər danışır. Bir də var həmin sahənin iqtisadi əsaslandırması, iqtisadi idarə edilməsi. Bizdə təəssüf ki, bu ikisi qarışdırılır və bəzi hallarda ya birinciyə üstünlük verilir, ya ikinciyə. Hər hansı birində buraxılan səhv isə həmin sahənin inkişafına mane olur. Balansı qorumaq önəmlidir. Yalnız ikinciyə fokuslanmaqla birinci məsələ arxa plana keçir, yalnız birinciyə fokuslanmaqla ikinci məsələ. Nəticədə ortaya fərqli nəticələr çıxır. Yəni, günəş panelləri, külək enerjisi, yaşıl enerji və digər sahələr, ekologiyaya zərər vuran məsələlər haqqında həm o səhənin mütəxəssisləri, texnikləri, həm də iqtisadi əsaslandırmaları üçün bu sahəni araşdıran iqtisadçılar tərəfindən rəy və fikirlər söylənilmılidir. Yəni, ətraf mühitə zərər vuran məsələlər, ekoloji problemlər haqqında danışarkən hər iki istiqamətdə məsələləri düzgün bir şəkildə, düzgün bir birləşmə nöqtəsinə gətirib çıxarmaq lazımdır. Bir tərəfdə faktiki olaraq texniki məsələlər ortaya qoyulur, digər tərəfdə bunun iqtisada əsaslandırılması ortaya qoyulur. Nəticədə əhali də, dövlət də bilir ki, bu məsələdə ən əsas çağırışlar, üstünlüklər nədən ibarətdir. Dövlətin əldə edə biləcəyi məsələlər çoxdur. Ətraf mühit çox önəmlidir, amma burada təhlükə ətraf mühit deyil. Məsələn, qazdan daha az istifadə, əhalinin özünün sağlığı üçün də önəmlidir. Hələ dəm qazını demirəm, orada baş verən ölüm halları ciddi təəssüf doğurur. Amma ümumilikdə götürdükdə evdə qazın yanması o insanların nə dərəcədə sağlamlıqlarına təsir göstərir, biz onu bu gün hiss etmirik. Çünki o insanı yavaş-yavaş öldürür. Bir də var o evin məsələn, elektriklə sağlam bir şəkildə qızdırılması və yaxud da yeməyin elektrikdə bişirilməsi. Biz mütləq araşdırmalıyıq ki, elektriki maksimum dərəcəli ucuz necə əldə edək. Çünki gələcəyimiz elektrikdir, biz bunu dərk etməliyik. Elektrik enerjisi gələcəyin ən əsas enerjisi olacaq. Məsələn, qaz, daş kömür, neft məsələsi yavaş-yavaş geridə qalır. Avtomobillərimiz elektriklə, evlərimiz elektriklə olacaq. Yaşıl enerjiyə keçid bizə həm pulsuz elektrik verir, həm qazanc mənbəyi saxlaya bilər. Biz artıq elektriki dövlətə sata bilərik. Yəni, burada o qədər mexanizmlər, üstünlüklər var ki, bu məsələləri populizmə, dəbə, trendə, pafoslu çıxışlara rəy və şərhlərə yol vermədən addım-addım izah etməyə ehtiyac var”.

“Biz hansı materialların yerli istehsalını təşkil edə bilərik, məşğulluğu təmin edə bilərik, büdcə daxil olmalarını artıra bilərik suallarına doğru cavab tapmaq önəmlidir. Əgər burada hər hansı bir güzəştdən söhbət gedəcəksə, bu güzəştlər nə qədər əsaslandırılmış olacaq, bizim ölkəmiz üçün nə qədər faydası olacaq, bu geri dönüş necə olacaq, hansı şəkildə olacaq? Yəni, bu məsələlər açığı çox geniş məsələlərdir. Bəzi hallarda bəzi mövzular qalxır, o mövzular haqqında yanlış və yarımçıq fikirlər formalaşdırılır, verilir və sonra o mövzu gözdən düşərək kənara atılır. Amma bu mövzu ciddi və dərin mövzudur. Hal-hazırda dünyada müəyyən qüvvələr var ki, iqlim dəyişikliklərinə fərqli baxırlar. Onlar daha çox ənənəvi enerjinin maksimum şəkildə istehsalı və bazarda bunun qiymətinin aşağı düşürülməsi, bazarda böyük bir pay sahib olmaq siyasətinin yürüdülməsi vasitəsi ilə inflyasiyanı aşağı salmağı düşünürlər. Bu kimi siyasətlər bir neçə il davam edə bilər, amma daimi ola bilməz. İqlim dəyişikliyi yoxdur və yaxud da biz bu alternativ enerjiyə önəm verməməliyik, investisiya qoymamalıyıq fikirləri təhlükəlidir. Düşünürəm ki, bu yanlış fikrin ömrü uzun deyil, yəni bir neçə il sonra dünya bu kimi fikirlərdən imtina etməyə məcbur olacaq. Çünki nəticələr indidən göz önündədir. Ona görə də biz yavaş-yavaş bu sahədə öz işimizi qurmalıyıq, davam etdirib genişləndirməliyik. Savadlı, əsaslandırılmış bir şəkildə, hər iki qeyd etdiyim istiqamətdə, texniki məsələlərdə bu sahənin mütəxəssisləri ilə birlikdə səmərəli fəaliyyətin təşkili ciddi fayda verəcək.

Hazırda bu sahədə müsbət tərəf ondan ibarətdir ki, tətbiq olunan texnologiyaların qiymətləri ilbəil düşür. Çünki texnologiya inkişaf edir və bir günəş paneli 4−5 il bundan qabaq verdiyi enerjinin bugün artıq 4 qatını verə bilir və qiymətlər də düşür. Bu, çox müsbət bir tərəfdir ki, artıq insanlar bunu ala bilərlər və tətbiqi rentabellidir. Burada, bir çox müsbət nüanslar var, müsbət məsələlər var. Ən əsas məsələlərdən biri ölkədə bu kültürün, bu mədəniyyətin formalaşmasıdır, insanların buna meyl etməyə çalışmasıdır. Bunun üçün əslində, rayonlarımızda daha çox şərait də var. Bakıda da şərait varmı? Var. Binaların üzərində qoyulacaq günəş panellərindən əlavə həm də müxtəlif vasitələrlə elektrik enerjisi hasil edən texnoloji yeniliklərin tətbiqi önəmlidir. Dünyanın artıq bir çox ölkələrində binalarda generatorlar və enerji panelləri və binanın qarşısında velosiped qoyurlar. İnsanlar həmin velosipedi dövr etdirməklə həm idman edir, həm də öz binası üçün elektrik enerjisi yığır. Hal-hazırda çoxlu, önəmli variantlar var. Başa düşməliyik ki, dünyada elektrikə olan tələb artdıqca enerji qiymətləri məsələsi ciddiləşir. Neft istehsalı bütün dünyada tükənən varlıqdır. Dünya nefti çıxardı, müəyyən dövrdən sonra yavaş-yavaş hasilat azalacaq, azalmağa da doğru gedir. Bütün bunlar çox ciddi məsələlərdir. Önəmli olan kültürün formalaşması, düzgün bir şəkildə maarifləndirmənin aparılması, məsələlərin düzgün, sualların düzgün qoyuluşudur.

Bu sahədə hələ 2016−2017-ci illərdən etibarən iqtisadçı kimi bir çox araşdırmalarım var. Ekoloji məsələlər bir çoxumuzun ən yaralı yeridir. Keçən ilin sonundan etirbarən bu məsələlərin cəmiyyətdə geniş bir şəkildə müzakirəsi aparıldı. Bunlar sözün həqiqi mənasında təkcə bizim ölkəmizi yox, bütün dünyanı düşündürən məsələlərdir. Bu sahədə müəyyən nəticələrə nail olmaq istəyiriksə, çox gözəl bir şəkildə bunun bir yol xəritəsini, strategiyasını müəyyən edərək geniş və dərin bir şəkildə həyata keçirmək mümkündür. Dövlət səviyyəsində belə addımlar atılıb və kütləvi tətbiqi üçün müəyyən təcrübə qazandırıb” – deyə o, əlavə edib.

Əlaqəli Xəbərlər