33 illik həsrət bitdi – Rzayevlər ailəsi Xocalıda məskunlaşdı


1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlıları tərəfindən etnik təmizləmə və soyqırımı həyata keçirilən Xocalı düşməndən azad edildikdən sonra yenidən qurulur. Yeni yollar salınır, evlər tikilir, infrastruktur yaradılır… Bir vaxtlar güllə altında, min bir müsibətlə doğma torpaqlarını tərk etmiş Xocalı sakinləri öz vətənlərinə geri dönürlər. Ağrılı, dərdli günlər artıq geridə qalıb. Bu gün geniş abadlıq-quruculuq işlərinin aparıldığı Xocalıda indi həyat qaynayır.

Hər dəfə keçmiş məcburi köçkün ailələrinin doğma yurdlarına döndüklərini eşidəndə özümüzdən asılı olmayaraq, kövrək hisslər keçiririk. Neçə illər idi ki, onlar el-obalarından didərgin düşmüşdülər. Geri dönəcəkləri günü intizarla, həsrətlə gözləyirdilər.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, 33 illik həsrəti başa çatanlardan biri də Oğuz rayonunda müvəqqəti məskunlaşan Rzayevlər ailəsidir. Bu ailədə bayram, toy əhvali-ruhiyyəsi yaşanırdı. Hamı yır-yığışda, köç karvanını yola salmaqda idi.

Evlərindən, kənd-kəsəklərindən erməni işğalçılarının güllə yağışı altında çıxmış bu insanların bəziləri düşmən əlinə keçməmək üçün ev-eşiklərini qoyub, canlarını götürüb güclə qaça bilmişdilər. Bəziləri isə evinin qapısını tələm-tələsik qıfıllayıb, bir gün qayıtmaq ümidi ilə açarlarını özü ilə götürmüşdü. Bu dəhşətli, ağrı-acılarla dolu olan günlərdə tale onların alnına köçkün adı yazmışdı.

Rzayevlər ailəsi 33 il əvvəl Xocalı rayonundan didərgin düşüb və Oğuz şəhəri yaxınlığında “Azərbaycan 60” adlı məntəqədə məskunlaşmışdı. 33 il ərzində çox zülmlər, əziyyətlər görsələr də, doğulub boya-başa çatdıqları kəndə dönəcəklərinə ümidlərini üzmədilər.

Evin xanımı Sevda Rzayeva qayınanasının ona əmanət etdiyi xalçanı ötən illərdə göz bəbəyi kimi qoruyub. Tarixi əmanəti maşına yükləməzdən əvvəl bir də ona əl gəzdirir. “Mənim qayınanam bu gəbəni özü əlinin zəhməti ilə toxuyub. Bunu 35 il burada saxlamışam. İndi də balalarımla birgə onu doğma yurdumuza qaytarırıq”, – deyir Sevda xanım.

Ailə başçısı Nofəl Rzayev isə bildirir ki, qardaşı döyüşlərdə şəhid olub, qohum-əqrəbası gülləbarana tuş gəlib. Lakin şəhidlərin şücaəti nəticəsində bu gün o həsrət bitir. “33 il əvvəl Xocalı rayonundan məcburi köçkün düşmüşük. Oğuzda məskunlaşdıq. Qardaşım İldırım döyüşlərdə şəhid olub. 33 ildən sonra Ali Baş Komandanımızın iradəsi, rəhbərliyi, şəhidlərin qəhrəmanlığı, qazilərin şücaəti nəticəsində ana yurda dönürük. Şəhidlərin ruhu qarşısında baş əyirik ki, bizi Vətənimizə qaytardılar”, – deyən Nofəl Rzayevin gözlərində sevinc yaşları gilələnir.

Ailənin köçə hazırlanmasında qohum-əqrəba, qonşular da böyük həvəslə çalışır. Onların da bu qürurlu anı yaşayacaqlarına az qalıb. Xankəndi sakini Səxavət Əliyev deyir ki, bu gün el-obada bir bayramdır. Qonşular, qohumlar Rzayevlər ailəsini yola salmaq üçün toplaşıb. Səxavət Əliyev yaxın aylarda onların da doğma Xankəndiyə qayıdacağını səbirlə gözləyir.

Nəhayət, evin əşyaları yük maşınına yığılır. Ailə yola rəvan olur. El adəti üzrə yük karvanının arxasınca su atılır, xeyir-dua verilir. Beləcə, Rzayevlər ailəsi 33 illik həsrətin başa çatdığı yola çıxır. Maşında doğma el-obasını görməyin sevinc hisslərini yaşayan ailə üzvləri yolboyu ətrafı kədər qarışıq sevinc hissi ilə seyr edir, həm xoş, həm də ağrı-acı dolu xatirələri dilə gətirirlər. Nəhayət, maşın Xocalı yoluna daxil olur. Xocalı soyqırımının ağrı-acısını hələ də yaşayan Nofəlin gözləri dolur. O, şaxtalı-sızaqlı fevral gecəsində əli yalın qaçıb canını qurtarmağa çalışan həmyerlilərinin başına gətirilənləri bir daha yada salır. Qəhərlənir… Həm kədər, həm də sevinc hissi ilə doğma yurduna – Xocalı torpağına ayaq basır. Qəhrəman Azərbaycan əsgərinin Xocalı soyqırımını törədən qaniçənlərdən qisas aldığı doğma torpaqda olmağı sözlə ifadə edə bilmir…

Budur, köç karvanı Ballıca kəndinin mərkəzinə çatır. Ailələri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri qarşılayır, onları təbrik edərək xoşbəxt və firavan həyat arzulayırlar. Mənzillərin açarları ailələrə təqdim edildikdən sonra hamı sevinə-sevinə evinə gedir. Biz də Rzayevlər ailəsi ilə birgə gedərək, sevinclərinə şərik oluruq.

Nofəl Rzayev özü ilə gətirdiyi Azərbaycan bayrağını evinin eyvanından asır. “Yolboyu gəldikcə həm 33 il əvvəlki hadisələri, hansı çətinliklərlə çıxdığımızı xatırlayıb kədərlənir, həm də yenidən doğma torpaqlara qayıtdığımız üçün sevinirdim. Bu gün sevincimizin həddi-hüdudu yoxdur. Axır ki, Vətən həsrətimiz başa çatdı, doğma yerlərimizə gəldik. Şəhidlərimizin qarşısında baş əyirəm. Sağ olsun Ali Baş Komandanımız, var olsun Ordumuz”, – deyə o sevincini dilə gətirir.

Rzayevlər ailəsi yük avtomobili ilə gətirdikləri əşyaları evə daşıyırlar. Evin xanımı Sevda Rzayeva 33 il əvvəl Xocalını tərk edərkən özləri ilə apardıqları, qayınanasının yadigarı olan xalçanı otaqların birinə sərir: “Bu xalça evimizin ən dəyərli əşyasıdır. 33 il qoruyub, yenidən Vətənimə gətirmişəm. Sevincimdən danışa bilmirəm. Dağlarımızı, doğma torpaqlarımızı görəndə necə hiss olar?! Allah xalqımıza bir də pis günlər yaşatmasın”.

Bəli, hər bir Xocalı sakini kimi, Rzayevlər ailəsi də bu gün xoşbəxtdir. Çünki Xocalı da daxil olmaqla, bütün torpaqlarımız azad edilib. Vətən həsrəti bitib. Qarabağın, Xocalının işğaldan azad edilməsi ilə həm də bütün şəhidlərin, o cümlədən Xocalı soyqırımı qurbanlarının qisası alınıb.

Əlaqəli Xəbərlər