“Azərbaycanın yaşıl enerji sahəsində imkanları çox böyükdür”


“Strategy International” şirkətinin enerji, geosiyasət və təchizat zəncirləri üzrə direktoru, qlobal enerji marketi eksperti Dr. Siril Vidderşoven sualları cavablandırıb. SİA bu barədə AZƏRTAC-a istinad edir.

– Cənab Vidderşoven, qlobal iqtisadiyyat kontekstində Azərbaycanın hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

– Azərbaycanın qlobal kontekstdə mövqeyi güclənib. Ölkə təkcə regionda deyil, həm də Avropa İttifaqı (Aİ) və ABŞ üçün strateji əhəmiyyətli oyunçuya çevrilib. Azərbaycanın tutduğu kurs müsbət qiymətləndirilir ki, bu da ki Qərb iqtisadi bloku ilə ticarət əlaqələrinin artmasına xidmət edir. Bakının Aİ ilə enerji əlaqələri, əsasən, Rusiya-Ukrayna müharibəsi və Rusiyanın enerji ixracına qarşı tətbiq edilən sanksiyalar nəticəsində xüsusilə fəal şəkildə inkişaf edir. Azərbaycan Asiya blokuna, o cümlədən Çin və Hindistana inteqrasiya imkanlarına malik perspektivli dövlət olaraq qalır. Körfəz ölkələrindən də Bakıya artan maraq var.

– Azərbaycanda investisiya mühitini necə qiymətləndirirsiniz və beynəlxalq investorları cəlb etmək üçün daha nələr edilməlidir?

– Azərbaycanda mövcud investisiya mühiti müsbət qiymətləndirilir. Beynəlxalq təşkilatlar ümumilikdə cari iqtisadi proseslərə, hökumət strategiyalarına və ölkədəki investisiya mühitinə nikbin baxırlar. Maliyyə institutları bank sisteminin şəffaflığının artırılmasının və özəl sektora kredit dəstəyi mexanizmlərinin təkmilləşdirilməsinin vacibliyini vurğulayırlar. Bundan əlavə, səmərəli idarəetmə məsələləri beynəlxalq təşkilatların və potensial sənaye investorlarının diqqət mərkəzindədir.

– Azərbaycanda bərpaolunan enerjinin inkişafı istiqamətində atılan addımlara münasibətiniz necədir?

– İlk addımlar artıq atılıb, bunu ərəb suveren fondlarından və kommunal xidmətlərindən əhəmiyyətli investisiyalar sübut edir. Bununla belə, hələ çox uzun bir yol var ki, bu da öz növbəsində əlavə imkanlar açır. Enerji sektorunun şaxələndirilməsi və iqtisadiyyatın karbonsuzlaşdırılması zəruri tədbirlərdir, lakin onların həyata keçirilməsi siyasi şüarlara və ya yalnız xarici investisiya axınına deyil, rasional və praqmatik yanaşmaya əsaslanmalıdır. Optimal strategiya təkcə Azərbaycan üçün deyil, həm də qlobal miqyasda iqtisadiyyatın əsas sütunu kimi karbohidrogen sektorunu dəstəkləməyə davam etməklə ayrı-ayrı sektorların tədricən dekarbonlaşdırılması və ən əlçatan həllərin həyata keçirilməsidir. Neft və qaz hasilatından əldə olunan gəlirlərin bərpaolunanenerji mənbələrinin inkişafına və iqtisadiyyatın şaxələndirilməsinə yönəldilməsi artıq bir sıra Aİ ölkələrində müşahidə olunan borc asılılığından və sosial təlatümlərdən qaçmağa kömək edəcək.

– Günəş və külək enerjisi kimi yaşıl enerjinin inkişafı üçün Azərbaycanın əsas üstünlükləri nədən ibarətdir?

– Paradoksal görünə bilər, lakin təbii qazın və xam neftin aşağı qiymətə olması bərpaolunan enerji sektorunun inkişafı üçün əhəmiyyətli üstünlükdür. Külək və günəş elektrik stansiyalarının istehsalı xüsusilə beton və metal konstruksiyaların istehsalında böyük miqdarda enerji tələb edir. Bu layihələri dəstəkləmək üçün Azərbaycan neftindən və qazından istifadə ölkəyə strateji üstünlük verir.

Bundan əlavə, o iqtisadi diversifikasiyanı təşviq edir, çünki aşağı karbonlu metallar və digər ekoloji cəhətdən təmiz materiallar bütün dünyada tələb olunur və onların istehsalı fəal şəkildə inkişaf etdirilməlidir. Bərpaolunan enerji mənbələri sahəsində layihələrin həyata keçirilməsi üçün sahələr seçilərkən Azərbaycan şelfi xüsusilə cəlbedicidir. Dəniz küləyi, o cümlədən üzən külək texnologiyaları iqtisadiyyatın karbohidrogenlərdən asılılığını azaltmaq üçün perspektivli resurs ola bilər. Eyni zamanda, həm dənizdə, həm də quruda külək turbinləri neft və qaz sektorunu karbonsuzlaşdırmaq üçün istifadə edilə bilər. Məsələn, neft və qaz hasilatı və ya emalında bərpaolunan enerjidən istifadə etməklə. Günəş enerjisi də ölkənin əlverişli coğrafi mövqeyinə görə əhəmiyyətli potensiala malikdir. Yaşıl və mavi hidrogenə gəlincə, Azərbaycan növbəti illərdə bu sahəni aktiv şəkildə inkişaf etdirmək üçün neft-qaz sektorunda öz təcrübəsinə və texnoloji inkişaflara arxalana bilər.

– Azərbaycanda regionun digər ölkələri üçün nümunə ola biləcək əhəmiyyətli yaşıl enerji layihələri varmı?

– Beynəlxalq ictimaiyyət SOCAR və “Masdar” arasında iki günəş və bir külək elektrik stansiyasının tikintisini əhatə edən əməkdaşlığı diqqətlə izləyir. Bu tərəfdaşlıq çərçivəsində üç böyük layihə həyata keçirilir: 445 MVt gücündə Biləsuvar Günəş Elektrik Stansiyası, 315 MVt gücündə Neftçala Günəş Elektrik Stansiyası və 240 MVt gücündə Abşeron-Qaradağ Külək Elektrik Stansiyası. SOCAR – “Masdar” əməliyyatları ciddi nəzarət altındadır və uğurlu olarsa, bu layihələr regiondakı digər investorlar üçün ən yaxşı təcrübə nümunəsinə çevrilə bilər. Bu təşəbbüslər Azərbaycanın bərpaolunan enerji sahəsində strateji hədəflərinə uyğundur və buna əsasən 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında yaşıl enerjinin payı 30 faizə çatmalıdır.

– Azərbaycanın bərpaolunan enerji mənbələrinə keçidində hansı imkanları və çağırışları görürsünüz?

– Beynəlxalq Enerji Agentliyi (IEA) və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) qeyd etdiyi kimi, yaşıl enerji sahəsində Azərbaycanın imkanları çox böyükdür. Əsas problemlər investisiyaların yavaş tempi, real aktuallığın olmaması və karbohidrogenlərdən asılılıq olaraq qalır. Lakin bu amillər Azərbaycan üçün ciddi problem kimi qəbul edilməməlidir, çünki bir çox ölkələr, xüsusən də Avropada oxşar problemlərlə üzləşirlər. Bu məsələlərin həllinin aktuallığı daha vacib amil ola bilər. Nəzərə almaq lazımdır ki, bərpaolunan enerji mənbələrinin iqtisadiyyatda payının artırılması daxili istehlak üçün deyil, ixrac üçün əlavə neft və qaz həcmlərini azad edəcək.

Bundan əlavə, Abu-Dabi Milli Neft Şirkətinin (ADNOC) BƏƏ-də etdiyi kimi, karbohidrogen sektorunu dekarbonlaşdırmaq üçün əlavə bərpaolunan enerji istehsalından istifadə edilə bilər. Aşağı karbonlu neft və qaz gələcəkdə potensial müştərilər üçün daha cəlbedici olacaq.

– Dekarbonizasiya kontekstində 2050-ci ildən sonra neft və qazın qlobal iqtisadiyyatda rolu necə dəyişəcək?

– Bütün sistemin dekarbonizasiyası neft və qazdan tamamilə imtina demək deyil, onların istifadəsinin karbon izinin azaldılmasını və istehsalda bərpaolunan enerjidən istifadəni nəzərdə tutur. Qlobal iqtisadiyyatın 2050-ci ildən sonra da neft və qaza ehtiyacı olacaq, baxmayaraq ki, onların rolu dəyişəcək. Onlar ilkin yanacaq kimi istifadə edilmək əvəzinə, ilk növbədə plastik, kimyəvi maddələr və gübrələrin istehsalında istifadə olunacaq.

– Azərbaycan öz resurslarından qonşu ölkələr və beynəlxalq tərəfdaşlarla iqtisadi inteqrasiyanı yaxşılaşdırmaq üçün necə istifadə edə bilər?

– Hazırda ölkənin iqtisadi inteqrasiyası yüksək səviyyədədir. İqtisadiyyatın yeni məhsullara və istehsal sektorlarına şaxələndirilməsi ölkənin regional mövqeyini gücləndirə bilər. Eyni zamanda, bərpaolunan enerjinin inkişafı qonşu ölkələr üçün prioritet istiqamətə çevrilir. Bu kontekstdə Bakının regional güclər və Aİ ilə yeni enerji əlaqələri nəzərdən keçirilir.

– Dayanıqlı enerjiyə keçid dövründə Azərbaycanda iqtisadiyyatın hansı sektorları artımın əsas amilinə çevrilə bilər?

– Polad, beton, plastik və yüksək texnologiyalı istehsalın inkişafı iqtisadiyyatı əhəmiyyətli dərəcədə gücləndirə bilər. Karbohidrogen gəlirlərindən bu məqsədlər üçün istifadə ölkəyə bütün ölkələrin olmadığı rəqabət üstünlüyü verir. Qida sənayesi və onun emal sektoru hələ də qiymətləndirilməyib və daha çox diqqətə layiqdir. Bunun bariz nümunəsi kiçik ölkə olan, lakin hər il milyardlarla dollar gəlir gətirən əsl kənd təsərrüfatı supergücü olan Hollandiyadır.

– Azərbaycanda innovativ texnologiyalar və yaşıl iqtisadiyyatla bağlı yeni sənaye və klasterlərin yaradılması perspektivlərini necə qiymətləndirirsiniz?

– Azərbaycanda xüsusilə innovativ texnologiyalar və yaşıl iqtisadiyyat sahəsində yeni sənaye və klasterlərin yaradılması perspektivləri ümidverici görünür. İnvestisiya səviyyəsi nisbətən yüksək olaraq qalır, lakin bu, daha çox iqtisadiyyatın cəlbediciliyindən və siyasi sistemin sabitliyindən asılıdır. Əsas innovasiya mənbələri olan Qərb ölkələri Azərbaycana sərmayə yatırmağa maraq göstərir və bu potensialdan maksimum dərəcədə səmərəli istifadə edilməlidir. Eyni zamanda, geosiyasət ölkənin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi üçün mühüm alət rolunu oynaya bilər.

Əlaqəli Xəbərlər