…Əsas hissəsi neft ixracından asılı olan Rusiya iqtisadiyyatı yeni problemlərlə üzləşib. Rusiya neftinin ən böyük alıcıları olan Çin və Hindistan ABŞ-ın tətbiq etdiyi sanksiyalar fonunda neftin alınmasını dayandırıb.
SİA-nın məlumatına görə, “Reuters” xəbər verir ki, tədbirlər Rusiyanın neft sənayesinə ağrılı zərbə vuraraq, Moskvanın indiyədək öhdəsindən gələ bilmədiyi böhranı daha da gücləndirib.
Rusiyaya zərbə
Yanvarın 10-da Vaşinqton Rusiyanın neft tədarük zəncirini hədəf alan sanksiyalar tətbiq etdi və bu məhdudiyyətlərdən təsirlənməyən tankerlərin yükdaşımalarının qiymətində kəskin artıma səbəb oldu.
Bu, mart ayında Rusiya neftinin Asiyada tədarükündə ticarətin durğunluğuna səbəb olub. Analitiklərin fikrincə, sanksiyalara məruz qalan tankerlər Rusiyanın dəniz neft ixracının təxminən 42 faizini təşkil edir.
Əvvəllər Rusiyanın ESPO neftinə yüksək tələbatın olduğu Çində alıcılar kəskin qiymət artımı ilə üzləşdilər.
Kozmino limanından neftin bir barelinin çatdırılmasının dəyəri əvvəlki tədarüklərlə müqayisədə 3-5 dollar artıb.
Bu pul Rusiya mənfəətindən çıxarılaraq, Moskvanın gəlirini azaldır.
Bu arada Hindistanda Bharat Petroleum mart ayında Rusiya neftinin tədarükü üçün heç bir yeni təklif almadığını və ölkəyə təkliflərin həcminin nəzərəçarpacaq dərəcədə azaldığını bildirib.
Bazar üçün nəticələr
…Kpler analitik şirkətinin məlumatına görə, Rusiyadan Çin və Hindistana neft idxalının həcmi xeyli azalıb. Çinin Şandunq əyalətindəki müstəqil neft emalı zavodları alternativ xammal ehtiyatlarının tapılması bahalaşdığı üçün hasilatı gündə 400 min barel azaltmağa başlayıb.
Hindistanda tədarükdə fasilələr gündə 450 000 barel olaraq qiymətləndirilir. Ölkələr Yaxın Şərq, Afrika və ABŞ-da alternativ neft mənbələri axtarırlar.
Sanksiyaların uzunmüddətli təsirləri
Ekspertlərin fikrincə, yeni sanksiyalar Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin bütün tarixində ən ciddi sanksiyalara çevrilib. Tanker kirayələmə problemləri, ödəniş çətinlikləri və Rusiya neftinin yüksək daşınma xərcləri Çin eləcə də Hindistanı satınalma strategiyalarına yenidən baxmağa məcbur edir.
Hindistan və Çin limanları əvvəllər çatdırılmış neft yüklərini tədricən boşaldarkən, yeni alışlar virtual dayanıb.
Əli Babayev