Heydər Əliyev Sarayında Xalq şairi Nəbi Xəzrinin 100 illiyi münasibətilə reallaşan tədbirlər çərçivəsində “Dəniz, göy, məhəbbət” adlı bədii-musiqili gecə keçirilib.
SİA xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, yazıçı-dramaturq İlqar Fəhmi Xalq şairinin yaradıcılığından söhbət açıb. O bildirib ki, Nəbi Xəzri Azərbaycan poeziyasına bənzərsiz bədii dil, poetik ahəng gətirən şairlərdəndir.
“Onun şeirləri yalnız oxuculara deyil, həm də musiqi dünyasına ilham mənbəyi olub. Məhz bu şeirlərin ritmik, duyğulu ahəngindən təsirlənən bəstəkarlarımız bir çox gözəl mahnılar yaradıblar. Hər gələn nəsil onun poeziyasını və musiqilərini yaşadaraq bu irsi zənginləşdirir. Bu, Nəbi Xəzrinin yaradıcılıqda böyüklüyünün və əbədi təsirinin ən gözəl nümunəsidir. Bu cür tədbirlər xalqımızın böyük şairlərə olan ehtiramının təzahürüdür və Nəbi Xəzrinin əsərlərinin bədii dəyərini bir daha ortaya qoyur”, – deyə katib əlavə edib.
İ.Fəhmi deyib ki, Nəbi Xəzri yaradıcılığına hələ uşaqikən vurulub.
“Onun poetik dünyası, bədii nəfəsi məni həmişə heyran edib. Hətta mən də bir vaxtlar “Gilavar” təxəllüsünü götürməyi düşünürdüm. Nəbi Xəzri öz təxəllüsünü Bakı küləyi ilə əlaqələndirərək təsirli bir poetik obraz yaratmışdı. Onun şeirlərindəki dərin duyğu aləmi hər bir oxucunu təsirləndirir, hər bir kəsə ruhən toxunmağı bacarır. Nəbi Xəzrinin həyat yolu göstərir ki, sənət fədakarlıq tələb edir. O, bu fədakarlığın ən gözəl nümunələrindən biri idi. Həm yaradıcılığı, həm də şəxsiyyəti ilə Azərbaycan poeziyasına və ədəbiyyatına silinməz izlər qoyub. Bugünkü konsert proqramı vasitəsilə biz böyük şairimizin daxili dünyasına bir səfər edəcək, onun bədii düşüncəsinin və poetik ruhunun zənginliyini bir daha hiss edəcəyik”.
Nəbi Xəzrinin övladı Arzu Babayev onun yaradıcılığından dərin hörmət və sevgi ilə danışıb. Xalq şairinin cəmi 20 yaşında yazdığı “Söz” şeiri ilə bağlı fikirlərini bölüşən A.Babayev deyib ki, bu poeziyada o, öz sözünü deyərək, klassik irsimizin layiqli davamçısı olub. Məhz bu səbəbdən onu Məhəmməd Füzulidən sonra “Sözü zirvələrə qaldıran şair” adlandırıblar.
“Qarabağda baş verən hadisələr və sevimli həyat yoldaşının vəfatından sonra Nəbi Xəzrinin poeziyasında qəmgin not hiss olunurdu. Xüsusilə Qarabağa həsr etdiyi silsilə şeirləri onun yurd sevgisini, vətənə olan bağlılığını əks etdirir. “Şuşa gəlir”, “Kəlbəcər harayı” kimi şeirlərində Nəbi Xəzri sanki gələcək qələbəmizin həsrətini çəkir və eyni zamanda onu görürdü. Onun bu duyğuları xalqımızın mübarizə ruhuna, gələcəyə inamına poetik bir töhfə idi. Nəbi Xəzrinin yaradıcılığı onun həyatında qarşılaşdığı sınaqlardan güc alırdı. Bu sınaqlar onun şair ruhunu daha da dərinləşdirir, qələmindən süzülən misralara təsir edirdi. Onun bənzərsiz istedadı Ulu Öndər Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilib. Dövlətimiz onun yaradıcılığına daim xüsusi diqqət göstərərək, böyük şairin poeziyasını layiq olduğu zirvəyə qaldırıb. Hazırda Prezident İlham Əliyevin diqqəti ilə şairin xatirəsi yüksək səviyyədə anılır və Nəbi Xəzri irsi yeni nəsillərə çatdırılır”, – deyə o əlavə edib.
Bədii-musiqili gecədə Nəbi Xəzrinin incə və duyğulu şeirləri mədəniyyət və incəsənət nümayəndələri tərəfindən səsləndirilib.