Yanvarın 28-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Himayəçilik Şurasının cari ildə ilk iclası keçirilib.
SİA-nın məlumatına görə, BAMF-dan bildirilib ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev təqdimatla çıxış edərək təşkilatın ötən il üzrə yekun hesabatını Himayəçilik Şurasının diqqətinə çatdırıb. O, 2024-cü ilin əvvəlində qarşıya qoyulan hədəflər üzrə fəaliyyətlərin uğurla icra olunduğunu, təşkilatın regionda və beynəlxalq miqyasda həyata keçirdiyi mühüm layihələrin nəticələrini və qazanılan uğurlu tərəfdaşlıqları qeyd edib: “2024-cü il BAMF üçün əlamətdar nailiyyətlərlə yadda qalan bir il olub. Təşkilatımız bu müddət ərzində media və vətəndaş cəmiyyətinin inkişafı, mina aksiyası, dayanıqlı inkişaf məqsədləri və sosial istiqamətlərdə həm yerli, həm də beynəlxalq səviyyədə mühüm fəaliyyətlər həyata keçirib. BAMF olaraq insan hüquqlarının qorunması, sülhməramlı təşəbbüslərin dəstəklənməsi və cəmiyyətlərin hərtərəfli inkişafı üçün bu il də öz töhfəmizi verməyə çalışmışıq”.
Hesabatda BAMF-ın ötən il keçirilən növbədənkənar prezident seçkilərində müşahidəçilik missiyası, ənənəvi olaraq çoxsaylı yerli və xarici jurnalistlərin, diplomatların Qarabağa səfərlərinin təşkili, qadın minaaxtaran komandalarının uğurlu fəaliyyətinin nəticələri, onların işıqlandırılmasında Bakı Media Mərkəzi və digər media qurumları ilə olan əməkdaşlıqlar, Azərbaycanda keçirilən beynəlxalq konfranslarda, tədbirlərdə, o cümlədən COP29-da iştirakçılıq, BMT-nin Cenevrə ofisində yan tədbirin təşkili, “Sülhün Kökləri” təşkilatının rəhbəri və qurucusu Heidi Kuhn, Banqladeş hökumətinin rəhbəri professor Məhəmməd Yunus, BMT-nin QHT bölməsinin rəhbəri Vuk Çin Çanq kimi önəmli şəxslərin səfərləri, 25 ilə yaxındır fəaliyyət göstərən BAMF-ın İcma Mina Aksiyası komandasının statistikası və digər əsas fəaliyyətlər öz əksini tapıb. Təqdimatda, həmçinin BAMF-ın Tərtər regionunda qadın minaaxtaran komandaları üçün inşa etdirdiyi yeni Peşə Tədris Mərkəzinin fotoları da nümayiş etdirilib.
İcra olunan fəaliyyətlər və əldə olunan nəticələr barədə danışan Himayəçilik Şurasının sədri Çingiz Abdullayev hesabatın kifayət qədər zəngin olduğunu vurğulayaraq görülən işləri çox yüksək qiymətləndirib. Şura üzvləri Əflatun Amaşov, Rəşad Məcid və Vaqif Bəhmənli də öz növbələrində BAMF-ın fəaliyyətini təqdirəlayiq hesab etdiklərini bildiriblər.
İllik hesabat dinlənildikdən sonra BAMF-ın 2025-ci il üzrə fəaliyyət istiqamətlərinə uyğun qarşıya qoyulacaq hədəfləri və gələcək fəaliyyət planı müzakirə olunub. Müzakirələr zamanı BAMF-ın beynəlxalq “think tank” analitik düşüncə platformasının yaradılması, milli mətbuatın 150 illik yubileyi ilə əlaqədar mümkün fəaliyyətlərin icrası, COP30-da iştirakı, təmsilçilik imkanları və sair digər mühüm məsələlər ətrafında danışıqlar aparılıb.
Qeyd edək ki, yekun hesabat yaxın günlərdə ictimaiyyətlə paylaşılacaq və BAMF-ın rəsmi saytında yayımlanacaq.