5 tondan çox narkotik maddə məhv edilib


Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun təşkilatçılığı, dövlət orqanlarının əməkdaşlarından ibarət komissiya üzvlərinin iştirakı ilə gömrük orqanları tərəfindən həyata keçirilən gömrük nəzarəti və əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz dövriyyədən götürülmüş, barəsində məhkəmənin məhvetmə qərarı qəbul edilmiş 24 cinayət işi üzrə ümumilikdə 5 ton 168 kiloqram 332 qram narkotik vasitələr və psixotrop maddələr yandırılaraq məhv edilib.

SİA Dövlət Gömrük Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, məhv edilənlərin 91,3 faizi daha təhlükəli narkotiklər: yəni 4 ton 662 kiloqram 185 qramı heroin və 58 kiloqram 837 qramı metamfetamin olub.

Bundan əlavə, 369 kiloqram 529 qram tiryək, 77 kiloqram 779 qram həşiş və digər maddələr də məhv edilib. Bu narkotiklərin 98,7 faizi, yəni 17 fakt üzrə 5 ton 105 kiloqram 990 qramı cənub sərhədlərindən Azərbaycan ərazisinə daxil olmaqla tranzit yolla Avropa ölkələrinə çatdırılması üçün nəzərdə tutulub. Məhv edilən narkotiklərin Avropada qanunsuz orta pərakəndə satış qiyməti 272 milyon avrodan çox təşkil edir.

“Dövlət Gömrük Komitəsi bəyan edir ki, ölkəmizə qarşı narkotəhdidlər və yeni çağırışlar nəzərə alınmaqla narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə gömrük orqanlarının prioritet vəzifələrindəndir. Bu məqsədlə əməliyyat-axtarış fəaliyyətinin gücləndirilməsi, gömrük orqanlarının yoxlama baxış sistemləri, müasir texniki nəzarət vasitələri və narkotik axtarışı üzrə kinoloji itlərlə təmin olunması, Avtomatlaşdırılmış Risk Analizi Sistemi (ARAS) və digər yeni texnologiyalar tətbiq edilməklə onların potensialının və şəxsi heyətin peşəkar hazırlığının artırılması istiqamətində tədbirlər görülür”, – deyə komitənin yaydığı məlumatda bildirilir.

Əlaqəli Xəbərlər