…Kiyev öz müttəfiqləri ilə təhlükəsizlik zəmanəti kimi ölkədə xarici hərbi kontingentin yerləşdirilməsi məsələsini müzakirə etməyə başlayıb.
SİA-nın məlumatına görə, bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Georgi Tixiy bildirib.
Onun sözlərinə görə, danışıqlar çox erkən mərhələdədir və ölkəni Rusiyanın növbəti təcavüzündən qorumaq üçün Ukraynaya gələ biləcək sülhməramlıların dəqiq sayı barədə danışmaq hələ tezdir.
…Biz hesab edirik ki, Ukrayna üçün uzunmüddətli və etibarlı təhlükəsizlik zəmanətləri həm Avropanı, həm də ABŞ-ı əhatə etməlidir. Bu sülhün davamlı və uzunmüddətli olacağına zəmanət verə biləcəyimiz yeganə yoldur.
Bunu da Tixiy bildirib.
Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl bəyan etmişdi ki, hərbi əməliyyatlar başa çatdıqdan sonra ölkənin təhlükəsizliyini təmin etmək üçün ən azı 200 min sülhməramlıya ehtiyac olacaq. Bu minimumdur, əks halda heç nə olmayacaq..?
Daha sonra Kiyev və onun qərb tərəfdaşları arasında məsləhətləşmələrin iştirakçıları “Financial Times”-a bildiriblər ki, Ukrayna hakimiyyəti Qərbin 1000 kilometrlik cəbhə xətti boyunca 40-50 min xarici hərbçi yerləşdirməsini gözləyir.
“Wall Street Journal” xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ukraynaya sülhməramlılar göndərməkdə maraqlı olduğunu bildirib, lakin o, Amerika ordusunun iştirakını istisna edib.
Onun fikrincə, Ukraynanın qorunmasında və dəstəklənməsində əsas rol Avropaya məxsus olmalıdır. Eyni zamanda, Zelenski israr edib ki, Amerika qoşunları ölkədə yerləşdiriləcək sülhməramlı kontingentə daxil edilməlidir.
…Xatırladaq ki, Qərb qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı ilk təklifi ötən ilin fevralında Fransa prezidenti Emmanuel Makron irəli sürüb.
Bunun ardınca Avropa ölkələri atəşkəs rejiminə əməl olunmasına nəzarət etmək üçün hərbi əməliyyatların dayandırılması halında belə bir addımın atılmasının mümkünlüyünü müzakirə etməyə başlayıblar.
Sonradan məlum olub ki, Avropa İttifaqı ölkələri Rusiya ilə müharibənin dayandırılması və ya dondurulması halında Ukraynaya hərbi kontingentin göndərilməsi ilə bağlı konkret danışıqlar aparır.
…“Reuters”-ə verilən məlumata görə, belə bir missiyanın minimum sayı 40 min əsgər ola bilər və o, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və Polşa da daxil olmaqla beşdən səkkizədək ölkədən ibarət kontingentə əsaslanacaq. Eyni zamanda, Avropa təhlükəsizlik xidmətləri hesab edir ki, Ukraynanı Rusiya təcavüzünün təkrarlanmasından qorumaq üçün 100 min əsgər lazım olacaq.
Əli Babayev