“Çin-ABŞ münasibətlərinin inkişafı yeni bir mərhələyə çatıb”. SİA xəbər verir ki, bu fikri Çinin xarici işlər naziri Van İ ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığında deyib. O, Çinin əsas maraqları barədə danışaraq, Tayvanın tarixən Çinin bir hissəsi olduğunu, Pekinin adanın Çindən ayrılmasına heç vaxt icazə verməyəcəyini deyib.
Van İ Vaşinqtonu Çinlə ABŞ arasında imzalanmış 3 birgə bəyannaməyə əsasən “Vahid Çin” prinsipinə sadiq qalmağa çağırıb. Nazir ölkəsinin heç kimdən üstün olmaq və ya heç kimi əvəz etmək niyyətinin olmadığını, bununla belə qanuni inkişaf hüququnu müdafiə edəcəyini deyib.
ABŞ və Çinin 2 böyük güc olduğunu vurğulayan dövlət katibi Marko Rubio bildirib ki, Çin-ABŞ əlaqələri 21-ci əsrin ən vacib münasibətləri olaraq dünyanın gələcəyini müəyyən edəcək.
“Birləşmiş Ştatlar Çinlə səmimi ünsiyyətə, fikir ayrılıqlarının düzgün həllinə, ikitərəfli münasibətlərin yetkin və ehtiyatlı idarə edilməsinə, qlobal problemlərin birgə həllinə, dünyada sülh və sabitliyin birlikdə qorunmasına hazırdır”, – deyə Marko Rubio deyib.
Bu, Donald Trampın 2-ci müddətə ABŞ-ın Prezidenti vəzifəsinin icrasına başlamasından sonra iki ölkənin xarici siyasət idarələri rəhbərlərinin ilk ünisyyətidir. Diqqətçəkən məqamlardan biri odur ki, Marko Rubio ABŞ Senatında Çinə qarşı sərt mövqeyi ilə tanınan siyasətçi olub. O, dəfələrlə Çindəki insan hüquqları və Çinin dünyada nüfuzunun artmasını tənqid edib, Çinə qarşı qanun layihələri hazırlayıb. Yerli media onu “Amerikanın Çinə qarşı ən radikal siyasətçilərindən biri” adlandırıb. Rəsmi Pekin hətta 2020-ci ildə 2 dəfə Marko Rubioya qarşı sanksiya elan edib. Bunlardan biri “uyğurların hüquqlarının pozulması” məsələsi, digəri isə Honkonq iğtişaşları ilə əlaqədar ABŞ-ın Çin rəsmilərinə tətbiq etdiyi sanksiyalara cavab olaraq elan edilib.
Ekspertlər hesab edir ki, əgər rəsmi Pekin Marko Rubioya qarşı sanksiyaları ləğv etməsə, o, Çinə səfər hüququndan məhrum edilən ilk ABŞ Dövlət katibi olacaq. Bu günlərdə Çinin XİN rəsmisi Qao Ciakun jurnalistlərin Çinin Marko Rubioya qarşı sanksiyaları ləğv edib-etməməsi barədə suala cavab verərkən belə deyib: “Çin milli maraqları qətiyyətlə müdafiə edəcək. Eyni zamanda yüksək səviyyəli Çin və ABŞ rəsmilərinin əlaqələrini lazımi səviyyədə saxlamaları lazımdır”.
ABŞ Senatında dövlət katibi vəzifəsinə təsdiqlənmək üçün keçirilən iclasda Marko Rubio Çinin 21-ci əsrdə ABŞ üçün “ən böyük təhlükə” olaraq qaldığını söyləyərək Çinə qarşı mövqeyini bir daha bəyan edib. Amma ekspertlər hesab edir ki, Marko Rubionun Çinə yanaşması Prezident Donald Trampdan asılı olacaq.