“2011-ci ildə icbari sığortalar haqqında yeni qanunun qəbul olunması Azərbaycanda sığorta sektorunun inkişafına böyük təkan verdi. Bu dövrdən başlayaraq Azərbaycanda bir çox sığorta şirkətləri fəaliyyətə başladı. Avtonəqliyyat vasitəsi sürücüsünün mülki məsuliyyətdən icbari sığortası çox geniş populyarlıq tapdı. Bu məqamda qeyd edim ki, Azərbaycan sığorta sektoru həyat və qeyri-həyat siniflərinə bölünməklə icbari və könüllü sığorta növlərindən ibarətdir. Bugünkü gündə ən çox populyarlıq qazanmış sığorta növləri icbari sığortalar üzərindədir. Çünki icbari sığortalar üzrə xüsusi ciddi nəzarət mexanizmi mövcuddur. Bu icbari sığortası olmayan avtomobil sürücüləri yaxud vətəndaşlar xüsusi qaydalarla cərimələnirlər. Bu halda ən populyar sığorta növü avtomobillərin icbari sığorta növünü qeyd edə bilərik. Çünki hərəkətdə olan hər bir avtomobil xüsusi qeydiyyat cihazları vasitəsilə nəzarət olunur. İcbari sığortası olmayan istənilən avtomobil anında 50 manat cərimələnir”. Bu sözləri sığorta mütəxəssisi Şahin İsmayılov SİA-ya açıqlamasınmda deyib.
Onun sözlərinə görə, daşınmaz əmlakın icbari sığortası, yəni vətəndaşlara məxsus binada olan yaxud həyət evləri icbari sığortalar qanuni üzrə mütləq qaydada sığortalanmalıdır: “Daşınmaz əmlakın icbari sığortası sahəsində müəyyən boşluqlar var. Buna da əsas səbəb məhsulun icbari sığorta olmasına baxmayaraq, xüsusi cərimə mexanizminin işə salına bilməməsi üzərindən vətəndaşlarımızın bu sığorta növünə marağı azdır. Təxminən bir neçə il bundan əvvəl belə bir söhbət yayıldı ki, artıq bu cərimə mexanizmi hazırlanıb və o dövrdə insanların böyük axını başladı. Külli miqdarda əmlak, evlər, mənzillər sığortalandı. Lakin sonradan bu cərimə mexanizminin tətbiq qaydalarının həyata keçirilməsinin mümkün olmaması nəticəsində insanlar yenidən bu sığorta növündən imtina etməyə başladılar”.
Həmçinin ekspert qeyd edib ki, Azərbaycanda sığorta sektoru həyat və qeyri-həyat siniflərinə bölünür: “Bu gün həyat sığorta növü sinifinə daxil olan həyatın yığım və həyatın ölüm halında sığortası böyük populyarlıq qazanıb. Bir çox idarə və müəssisələrdə rəsmi qaydada olan işçilər öz həyatlarını sığortalaya bilirlər. Lakin təəssüf olsun ki, insanlarımız könüllü olaraq sığorta məhsullarını almaqdan imtina edirlər. Bunun da müəyyən səbəbləri vardır. Ümumiyyətlə belə bir fikir formalaşıb ki, sığorta şirkətləri insanları incidir, vaxtında ödəniş etmir. Bu fikri sıradan çıxarmaq hələki mümkün deyil. Çünki həqiqətəndə müəyyən hallarda sığorta şirkətləri tərəfindən insanların incidilməsi və sığorta ödənişlərində ləngimələr, yaxud dəymiş zərərin az hesablanması hallarına təsadüf etmək olur. Azərbaycanda ən populyar sığorta növü qeyd etdiyim kimi, avtomobillərin icbari sığorta növüdür. Bundan əlavə könüllü sığorta növü olan avtomobillərin kasko sığortası növü mövcuddur. Bu növ könüllü olduğuna görə, avtomobillərin kasko sığortasına görə hər hansı bir cərimə mexanizmi nəzərdə tutulmur, çünki könüllü sığorta növüdür. İnsanlar arasında bu məhsulun satışı çox zəif inkişaf etmişdir.
Azərbaycanda mövcud olan avtomobil bazasının təxminən 10-15 faizi kasko sığorta növünə cəlb oluna bilir. Sadəcə olaraq insanlar arasında sığorta şirkətlərinə müəyyən bir inamsızlıq var. Son dövrlərdə icbari sığortalar üzrə baş vermiş qəzalarda insanlara ödənişlər edilməsi, zərərin hesablanması sahəsində müəyyən irəliləyiş olmasına baxmayaraq son nəticədə yenədə Azərbaycan vətəndaşlarına könüllü sığortalar üzrə satışa cəlb etmək hələdə mümkün olmur. Ancaq istənilən halda Mərkəzi Bank İcbari Sığortalar Bürosu və Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən geniş təbliğat işləri aparılır. Bu sahədə sığorta Agentlikləri yaxından iştirak edirlər. Təbliğat işlərinə müxtəlif mətbuat orqanları, televiziya, radio, saytlar cəlb olunur. Təbliğat işi müəyyən mənada öz təsirini göstərir. Son dövrlərdə həyat və qeyri-həyat sığortaları sahəsində, həmçinin könüllü növlər arasında satışlarda artım mövcuddur”.