Yanvarın 24-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümumi təhsil müəssisələri arasında Beynəlxalq Təhsil Günü münasibətilə STEAM təhsili üzrə “Yaşıl texnologiyalar” müsabiqəsi keçirilib.
SİA-nın məlumatına görə, bu barədə Naxçıvan bürosuna nazirliyin mətbuat xidmətindən bildirilib. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi aparatının rəhbəri vəzifələrinin müvəqqəti icraçısı Şikar Hüseynov son illər dünyada elm və texnologiyalar sahəsində sürətli inkişafın, əldə edilən əhəmiyyətli nailiyyətlərin qarşıya yeni vəzifələr qoyduğunu deyib. Qeyd edilib ki, şagirdlər texnologiyalar vasitəsilə elmin digər sahələri ilə yanaşı, beyinlərinin məhsulunu ortaya qoya bilir. Bu günə kimi muxtar respublikanın 154 təhsil müəssisəsində STEAM kabinələrinin yaradıldığını diqqətə çatdıran Şikar Hüseynov bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq yaxın günlərdə əlavə olaraq 50 təhsil müəssisəsində kabinələr qurulacaq və 154 kabinə STEAM avadanlıqları ilə zənginləşdiriləcək.
Sonra müsabiqəyə start verilib. Müsabiqəyə muxtar respublikanın ümumi təhsil məktəblərindən 200-ə yaxın şagird yaşıl texnologiyalarla bağlı 60 layihə təqdim edib. Müsabiqənin qiymətləndirilməsi STEAM Təlim-Tədris Mərkəzinin təlimçiləri tərəfindən aparılıb. Qalib komandalar medal, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.
Müsabiqənin təşkilində məqsəd ekoloji problemlərin mahiyyətini və ətraf mühitin qorunmasının vacibliyini şagirdlərə aşılamaq, onlarda ekoloji şüur və məsuliyyət hissini inkişaf etdirmək olub.