Bildiririk ki, ölkəmizdə həssas əhali qruplardan olan şəxslərin, o cümlədən əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı mühüm addımlar atılır. Onların sosial-məişət şəraitinin yaxşılaşdırılması, sosial reabilitasiyası istiqamətində davamlı olaraq sosial layihələr icra edilir, həmçinin cəmiyyətin bərabərhüquqlu üzvləri kimi yaşamaları üçün tədbirlər görülür. Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Departamentinin SİA-ya verdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq bu kateqoriyadan olan şəxslərə sosial xidmətlərin göstərilməsi davam etdirilir. Agentlik tərəfindən sosial xidmətə ehtiyacı olan bütün yaş kateqoriyasından olan vətəndaşlar müxtəlif sosial xidmətlərlə təmin edilir. Agentliyin bütün ölkəni əhatə edən 13 filialı və 21 müəssisəsi ilə vətəndaşlara səyyar, stasionar və yarımstasionar xidmətlər göstərilir və bu xidmətlər minlərlə şəxsi əhatə edir.
Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzillə təminatı ilə yanaşı, onların sosial-psixoloji dəstək və sosial reabilitasiya xidmətləri ilə əhatə olunması istiqamətində də işlər davam etdirilir. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə möhtəşəm Zəfər əldə etdiyimiz 44 günlük Vətən müharibəsindən sonra 6,8 min, ümumən ötən dövrdə 16 minədək mənzil təqdim edilib. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 567, ümumən 7,8 min avtomobil verilib.
Agentliyin 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisələri, psixonevroloji sosial xidmət müəssisələri, Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi, Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi və digər müəssisələrində də bu kateqoriyadan olan vətəndaşlarımız dövlət qayğısı ilə əhatə olunurlar.
Əlilliyi olan Şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində 15-29 yaşlı əlilliyi olan şəxslərin müxtəlif peşələr üzrə peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir. Mərkəzdə gənclərimiz 3-6 aylıq kurslarda kompüter istifadəçisi, montaj operatoru, bədii oyma, xalçaçılıq, dərzilik, kişi və qadın bərbəri, toxuculuq, aşpaz köməkçisi, rəssamlıq, dulusçuluq üzrə peşə bacarıqlarına yiyələnirlər, eləcə də əsas peşələrlə yanaşı müxtəlif dərnəklərə cəlb edilirlər. Kursları uğurla bitirən şəxslərə peşə şəhadətnamələri verilir və əmək bazarına çıxışları üçün dəstək göstərilir. Həmçinin onlar xarici ölkələrdə beynəlxalq təcrübə mübadiləsi proqramlarına göndərilirlər. Agentlik tərəfindən mütəmadi olaraq Mərkəzin yetirmələrinin əl işlərindən ibarət satış sərgiləri də təşkil olunur.
Agentlik gözdən əlilliyi olan şəxslərin mənzil təminatı ilə yanaşı, onların sosial rebilitasiyasını da həyata keçirir. Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin Görmə qabiliyyəti məhdudluğu olan şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsində bu kateqoriyadan olan şəxslər dövlət qayğısı ilə əhatə olunur. Burada 5-29 yaşlı görmə üzrə əlilliyi olan şəxslərə yarımstasionar xidmət göstərilir. Onlar tibbi, pedaqoji, idman, mədəniyyət və incəsənət, psixoloji, eləcə də sosial reabilitasiya proqramlarına cəlb olunurlar. Bununla yanaşı Sosial Xidmətlər Agentliyinin sifarişləri əsasında sosial reabilitasiya yönümlü layihələr icra olunur, sosial xidmətə ehtiyacı olan vətəndaşlarımız dövlət qayğısı ilə əhatə olunur. Sosial sifarişlər əsasında müxtəlif şəhər və rayonlarda icra olunan Günərzi Qayğı Mərkəzlərində 2024-cü ildə 1888, Sosial Reabilitasiya Mərkəzlərində isə 750 xüsusi qayğıya ehtiyacı olan uşağa müvafiq sosial xidmətlər göstərilib.
Daimi əsaslarla fəaliyyət göstərən Sosial Xidmət Mərkəzlərimizdə isə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün fərdi və qrup şəklində sosial-reabilitasiya xidmətləri təşkil edilir, onların valideynləri sosial-psixoloji maarifləndirilmə, valideynlik bacarıqlarının artırılması istiqamətində təlimlərə cəlb olunur. Ötən il bu mərkəzlərdə 430-dan çox uşağa müvafiq sosial xidmətlər göstərilib. Bu il daha 5 sosial xidmət mərkəzinin yaradılması nəzərdə tutulub ki, onlardan 2-si Bakıda, digərləri Hacıqabul, Göyçay və Ağdam rayonlarında açılacaq və bununla da Agentliyin sosial xidmət mərkəzlərinin sayı 10-a çatdırılacaq. 2024-cü il ərzində Sosial Xidmətlər Agentliyi tərəfindən 4528 nəfərə evdə (səyyar) sosial-məişət xidməti göstərilib. Xidmət göstərilənlərdən 391 nəfəri 70 yaşdan aşağı əlilliyi olan şəxslər olub. Hazırda Agentlik tərəfindən 300-ə yaxın əlilliyi olan şəxsə səyyar sosial-məişət xidməti göstərilir.
2024-cü il ərzində 1311 nəfər imtiyazlı şəxs yollayışla təmin olunaraq xəstəliklərinə uyğun sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib. Sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınanlar arasında 963 nəfəri əlilliyi olan şəxslər olub. Agentlik tərəfindən həyata keçirilən övladlığagötürmə və himayədar ailə qayğı modeli çərçivəsində əlilliyi olan uşaqların övladlığa verilməsi də təşviq edilir və onların ailə mühitində yaşamaları üçün müvafiq addımlar atılır. Agentliyin sifarişləri ilə hazırlanan mobil tətbiqlər və saytlar da bu sahədə əlçatanlığın təmin edilməsi məqsədi daşıyır. 18 yaşınadək əlilliyi olan şəxslərin sosial reabilitasiyası və onların cəmiyyətə inteqrasiyası məqsədilə Autizmders.az, Serebralders.az, ovladinitani.az, danishankitab.az, surdotv.az, Tiflo TV kimi mobil tətbiqlər və saytlar istifadəyə verilib.