Rusiya Dövlət Duması məktəblərdə zorakılıqla mübarizəyə yönəlmiş qanun layihəsini müzakirə edir. Qanun layihəsinin müəlliflərinin fikrincə, zorakılıq psixoloji və ya fiziki travmaya səbəb ola biləcək qəsdən edilən hərəkətdir.
Bununla bağlı, zorakılıqda iştirak edənlərin məsuliyyətə cəlb edilməsi təklif edilir.
SİA-nın məlumatına görə, rusiyalı hüquqşünas Şota Qorqadze qeyd edib ki, internetdə təbliğatın yayılması səbəbindən müasir zorakılıq daha aqressivləşib.
…Hesab edirəm ki, qanun layihəsinə mühüm əlavə – cəzanı artıracaq ağırlaşdırıcı bir əlavə etmək lazımdır. Söhbət zorakılıq prosesinin çəkilişindən və bu materialların internetdə dərcindən gedir. Uşaqları zorakılığa məruz qalan valideynlər üçün cərimələr kifayət qədər ciddi olmalıdır.
Bunu deyən gürcü mənşəli rusiyalı hüquqşünas zorakılığın xüsusi kateqoriyasına – əlilliyi olan insanlara qarşı zorakılığa da diqqət çəkib.
…Yeniyetmə və məktəblilər bomjlara sataşırlar və bu, ölüm də daxil olmaqla, ağır nəticələrə səbəb olur. Oxşar hərəkətlər əlillərə qarşı da edilir. Hesab edirəm ki, bunun məsuliyyəti olmalıdır, cinayət məsuliyyəti yaşını 13-ə endirmək lazımdır, çünki yeniyetmənin düşünmədən belə cinayət törətdiyini demək olmaz. Bir çox insanlar cinayət məsuliyyətindən yayınmaq üçün 14 yaşına çatmamış uşaqlardan qəsdən zorakılıq üçün istifadə edirlər.
Bunu deyən hüquqşünas həmçinin zorakılıq məsələsində yeniyetmələrin qəddarlığı üzrə ixtisaslaşmış valideynlərin, müəllimlərin və psixoloqların rolunun vacibliyini də vurğulayıb.
…Uşaqlar təbiətcə qəddar ola bilərlər. Onları öyrətmək və müəyyən sərhədlər qoymaq lazımdır ki, ağlabatanlığı xatırlasınlar. Biz primitiv instinktlərə təslim olmamalıyıq.
Bunu da ekspert deyir.
Əli Babayev