AZAL təyyarəsində həlak olan qazaxların ailələrinə veriləcək məbləğ AÇIQLANDI


Aktau yaxınlığında baş verən təyyarə qəzası zamanı həlak olan Qazaxıstan vətəndaşlarının ailələrinə 5 milyon təngə (təxminən 16 min manat) veriləcək. SİA xəbər verir ki, bu barədə Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev məlumat verib.

O bildirib ki, həmin ailələrə sosial yardımlar göstərilib və lazım məbləğlər verilib.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub, hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raketin qəlpələrinin izləri qeydə alınıb.

Əlaqəli Xəbərlər