“Azərbaycanın regionda artan nüfuzu Rusiya rəhbərliyini narahat edir”


“Rusiya mətbuatı Azərbaycana qarşı açıq-aydın kampaniya aparır və bu da Rusiyanın xüsusi xidmət orqanları tərəfindən idarə olunur. Təsadüfi deyil. Dekabrın 25-ə qədər də bu proseslər müəyyən qədər gedirdi. Amma dekabrın 25-də Azərbaycan təyyarəsinin vurulmasından sonra və Azərbaycan Prezidentinin sərt açıqlamalarından sonra Rusiya mətbuatına komanda verildi və Azərbaycana qarşı olan bir yürüşə başladılar”. Bu sözləri SİA-ya açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.

Akif Nağı sözlərinə belə davam edib: “Burada həm o günahı ört-basdır eləməyə çalışırlar. Azərbaycan tərəfini müəyyən mənada reallıqla barışdırmağa çalışırlar, məqsədlərindən biri bundan ibarətdir.

Digər tərəfdən isə yəni komanda verilib. Azərbaycanın regionda artan nüfuzu Rusiya rəhbərliyini narahat edir. Nə qədər xoş münasibət göstərsələr də amma Azərbaycanın onların təsiri altında olmasını istəyirlər. Azərbaycan artıq heç kəsin təsiri altında deyil və regionun lider dövlətlərindən biridir. Ona görə də bu cür kampaniya gedir. Amma Rusiyaya qarşı Stop qoymaq, qarşıdurmaya getməyə ehtiyac yoxdur. Rusiya özü də bizimlə sərt qarşıdurmaya getmir. Yəni yeri gəldikdə dövlət başçıları səviyyəsində Azərbaycana öz rəğbətlərini bildirirlər. Deyək ki mətbuatın müəyyən qismi var ki, orada Azərbaycanla bağlı xoş yazılar gedir, Rusiyanın ekspertləri var ki, Azərbaycanla bağlı obyektiv fikirlər səsləndirirlər. Hətta bu təyyarə olayı ilə bağlı da rus ekspertlərinin içərisində elələri var ki, Azərbaycanın haqlı mövqeyini müdafiə edirlər. Ona görə də bu bir oyundur, dövlətlər arasında gedir və birmənalı şəkildə ağ-qara rəngdə baxmaq bugünkü reallığa uyğun gəlmir. Ağ-qara arasında müxtəlif çalarlar var, oynamaq lazımdır. Azərbaycan da mövqeyini ortaya qoyur. Azərbaycan Prezidenti səviyyəsində Rusiyanın rəhbərliyinə iddialar, ittihamlar bildirildi. Amma o şəkildə də davam etdirilməlidir.

Azərbaycan müdafiə mövqeyində yox, hücum mövqeyində olmalıdır. Mən hesab edirəm ki, Azərbaycan mətbuatı və Rusiya başa düşməlidir ki, Azərbaycana qarşı o kampaniyasına görə onlar bumeranq effekti ilə əks cavab alacaqlar və peşman olacaqlar. Bu istiqamətdə işlər getməlidir. Bu günləri biz münasibətləri dayandıraq, sərt düşmən mövqeyinə keçək? O hesab edirəm ki, bugünkü dünya düzənində qəbul olunmur. Hətta bir-birini açıq şəkildə düşmən edən dövlətlər də müəyyən məqamlarda ortaq təmas xətləri tapırlar, ona uyğun hərəkət edirlər. Biz də o şəkildə oynamağı bacarmalıyıq və bizə qarşı kimlərsə hansısa kampaniya aparırlarsa onları peşman etməyi bacarmalıyıq. Bu istiqamətdə işlərimiz gedir. Ruslar, Rusiya mətbuatı, Rusiya rəhbərliyi də Azərbaycandan narazılığını bildirir ki, Azərbaycan onlara qarşı müəyyən təbliğat aparır, müəyyən faktlar ortaya qoyur. Qoyun onlar özlərini pis hiss eləsinlər və bu yolları bağlamaq, stop vermək o zəiflik əlaməti olardı. Döyüş gedir, mübarizə gedir. O mübarizənin qaydalarına uyğun olaraq da biz işlərimizi davam etdirməliyik və onları çətin vəziyyətə salmalıyıq. Ən azından peşman etməliyik”.

Ayşən Vəli

Əlaqəli Xəbərlər