Yanvarın 22-də Tehran şəhərində Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Dövlətlərarası Komissiyasının 16-cı iclası keçirilib. Azərbaycanın İrandakı səfirliyindən SİA-ya bildirilib ki, iclasda iqtisadiyyat, ticarət-investisiya, neft-qaz, energetika, nəqliyyat-tranzit və humanitar sahələrdə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi və həyata keçirilən birgə layihələrin davam etdirilməsi üzrə müzakirələr aparılıb.
İclasın yekunu olaraq Azərbaycan Respublikasının Baş nazirinin müavini, komissiyanın Azərbaycan tərəfindən sədri Şahin Mustafayevlə İran İslam Respublikasının yol və şəhərsalma naziri, komissiyanın İran tərəfindən sədri xanım Fərzanə Sadeq Anlaşma Memorandumunu imzalayıblar.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev, həmçinin İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının sədri, İran İslam Respublikasının yol və şəhərsalma, neft, energetika nazirləri ilə görüşlər keçirib, ikitərəfli əlaqələr, regional və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.