MSK-da veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib


Bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının inzibati binasında yerləşən veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib. SİA xəbər verir ki, bələdiyyə seçkilərində veb-kameraların tətbiqini birgə layihə çərçivəsində və sıx əməkdaşlıq şəraitində gerçəkləşdirən qurumların rəhbərlərinə veb-kameraların quraşdırılması, tənzimlənməsi və seçki gününə tam hazır vəziyyətə gətirilməsi ilə bağlı atılan yekun addımlar barədə məlumat verilib.

Mütəxəssislərlə söhbət zamanı veb-kameraların seçkilərin şəffaflığının təmin olunmasındakı mühüm rolu bir daha vurğulanaraq, veb-kameraların quraşdırılması və tənzimlənməsi prosesində qanunvericiliyin tələblərinə dəqiqliklə əməl edilməsinin vacibliyi diqqətə çatdırılıb və zəruri tövsiyələr verilib.

Daha sonra jurnalistlər üçün keçirilən brifinqdə bildirilib ki, Azərbaycanda keçirilən seçkilərdə bütün digər vasitələrlə yanaşı, informasiya-kommunikasiya texnologiyalarının ən son innovativ nailiyyətlərindən geniş və səmərəli istifadə edilməklə, səsvermə günü də aşkarlığın və şəffaflığın böyük miqyasda təminatına nail olunub.

Diqqətə çatdırılıb ki, Mərkəzi Seçki Komissiyası veb-kameraların səsvermə günü aşkarlığın və şəffaflığın təmin olunmasındakı müstəsna rolunu nəzərə alaraq, qarşıdan gələn bələdiyyə seçkilərində də 118 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılmasına qərar verib və həmin məntəqələrin siyahısı rəsmi dərc olunub.

Seçki günü internet istifadəçiləri istər ölkə daxilindən, istərsə də xaricdən Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan, müasir standartlara cavab verən və ən yüksək görüntü effektinə malik bu veb-kameralar vasitəsilə seçki məntəqəsindəki bütün prosesləri – səsvermə, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini canlı və fasiləsiz müşahidə edə bilərlər.

Brifinqdə həmçinin bələdiyyə seçkiləri ilə bağlı tamamilə yekunlaşmaqda olan hazırlıq işlərinin gedişatı barədə məlumat verilib və media mənsublarının sualları cavablandırılıb.

Əlaqəli Xəbərlər