…Məşhur Citroen 2CV bazara qayıda bilər. İkonik kompakt modelin ucuz elektrik avtomobili kimi yenidən canlandırılması planlaşdırılır.
SİA-nın məlumatına görə, bu barədə Britaniyanın “Autocar” nəşri məlumat yayıb.
Citroen-in baş dizayneri Pierre Leclercq Brüssel avtosalonunda nəşrə verdiyi şərhdə 2CV-nin geri qaytarılmasını birbaşa təsdiqləməsə də, lakin markanın retro dizayndan imtina etmədiyinə işarə edib.
“Autocar”-a görə, yeni Citroen 2CV 2028-ci ildə orijinal modelin 80 illik yubileyinə təsadüf edə bilər. Bu, Citroen Ami və e-C3 arasında yer tutacaq kompakt büdcə modeli olacaq. Beləliklə, onun qiyməti təqribən 15-18 min avro təşkil edəcək və onun əsas rəqibi Dacia Spring olacaq.
Citroen e-C3-dən Smart Car Platform arxitekturası 2CV üçün götürülə bilər. Xərcləri azaltmaq üçün elektromobil aşağı gücə malik mühərrik və kiçik akkumulyator alacaq. O, həmçinin e-C3-də mövcud olan bir sıra seçimləri əldə etməyəcək.
Yada salaq ki, orijinal Citroen 2CV 1948-1990-cı illərdə istehsal edilib və 5 milyondan çox avtomobil yığılıb.
Bu, brendin tarixində ən populyar modeldir. Citroen 2CV sadəliyi və iddiasızlığı ilə seçilirdi.
Müxtəlif illərdə 9-dan 29 at gücünə qədər iki silindrli mühərriklərlə təchiz edilmişdir.
Citroen keçmişdən bir sıra əfsanəvi modelləri canlandırmaq imkanını nəzərdən keçirir. Daha əvvəl onların yeni Citroen DS yarada biləcəkləri barədə məlumatlar peyda olmuşdu.
Nazlı Almuradova