Rusiya ilə Özbəkistan arasında 2026-2030-cu illər üçün hərbi sahədə strateji tərəfdaşlıq proqramı imzalanıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, Rusiyanın müdafiə naziri Andrey Belousov Özbəkistanın paytaxtı Daşkənddə olub və özbək həmkarı Şuxrat Xalmuxamedov ilə görüşüb.
Belousov burada etdiyi açıqlamada Özbəkistan tərəfi ilə birgə görülən işlərin Mərkəzi Asiya regionunda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını qeyd edərək, “Rusiya və Özbəkistan uzun illərdir strateji tərəfdaşdır və dost ölkələrdir” deyib.
Belousov Özbəkistanla əməkdaşlığın inkişaf etdiyini və iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıqda yeni mərhələyə qədəm qoyulacağını bildirib.
Görüşdən sonra Belousov və Xalmuxamedov Rusiya və Özbəkistan müdafiə nazirlikləri arasında 2025-ci il üçün əməkdaşlıq planı və 2026-2030-cu illər üçün hərbi sahədə strateji tərəfdaşlıq proqramı imzalayıblar.
Belousov daha sonra prezident Şavkat Mirziyoyev tərəfindən qəbul edilib.
Mirziyoyev Belousovla görüşündə Orta Asiyada hərbi-siyasi vəziyyəti müzakirə edib.