“DİF iştirakçılarının Azərbaycana böyük marağı var”


“Azərbaycan hər il İsveçrənin Davos şəhərində keçirilən, dünya liderləri və tanınmış iş adamlarının bir araya gəldikləri Davos İqtisadi Forumunun (DİF) fəal iştirakçılarındandır və ənənəsinə sadiqdir. Prezident İlham Əliyevin mötəbər toplantıya növbəti dəfə qatılması da ölkəmizin ona marağının müstəsna göstəricisidir. Nəzərə alaq ki, DİF iştirakçılarının da Azərbaycana böyük marağı vardır”. Bu sözləri SİA-ya açıqlamasında Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.

Onun sözlərinə görə, bu il yanvarın 20-dən 24-dək keçiriləcək böyük nüfuza malik DİF dünyanın yüksək reytinqli toplantılarının ön sıralarındadır: “Forum çərçivəsində təşkil olunan ayrı-ayrı iclas və müzakirə panelləri aktual əhəmiyyət daşıyır. Ötən illərin təcrübəsi göstərir ki, Prezident İlham Əliyev bu aktuallığa ayrıca Azərbaycan nəfəsi gətirməyi məharətlə bacarıb.

Prezident Əliyevin DİF çərçivəsində dünya liderləri və aparıcı şirkət rəhbərləri ilə görüşlər keçirməklə yanaşı, eyni zamanda – təşkil olunan panellərə qatılıb sualları cavablandırması, ziddiyyətli sayılan məsələlərə aydınlıq gətirməsi olduqca mühim bir məsələdir.

Prezident Cənubi Qafqazın lider ölkəsi Azərbaycanın sosial-iqtisadi, siyasi, enerji, nəqliyyat və digər sahələrdəki uğur və nailiyyətlərini təfsilatı ilə diqqətə çatdırır ki, bu da ölkəmizin beynəlxalq birlik üçün vaciblilik göstəricisidir. Hər halda bütün beynəlxalq tədbirlərə Azərbaycan hər zaman önəm verib. Bütün şəffaf platformaları dəstəkləmiş və işində yaxından iştirak etmişdir. Fikrimcə DİF Azərbaycan üçün nə qədər önəmlidirsə – Azərbaycan da DİF üçün böyük önəm daşıyır”.

Ayşən Vəli

Əlaqəli Xəbərlər