Azərbaycanda lisenziya və icazənin şərtlərinə riayət olunmasına nəzarət təkmilləşdirilir


Azərbaycanda lisenziya və icazənin şərtlərinə riayət olunmasına nəzarətin təkmilləşdirilməsi nəzərdə tutulur. SİA xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsində, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilib.

Hazırda lisenziyanın və icazənin şərtlərinə riayət edilməsinə nəzarət edən orqanların lisenziya (icazə) sahiblərinin fəaliyyətinə nəzarəti, əsasən lisenziyanın və icazənin şərtlərinə riayət edilməsi sahəsində normativ hüquqi aktlarda nəzərdə tutulan inzibati tədbirlərin görülməsindən ibarətdir. Təklif olunan dəyişikliyə əsasən bu cür inzibati tədbirlərlə yanaşı, yoxlama və nəzarətdənkənar tədbirlərdən də istifadə ediləcək. Buraya lisenziya (icazə) sahiblərinə metodiki köməklik göstərilməsi, qanunvericiliyin tələbləri və bu tələblərin pozulmasına görə məsuliyyət tədbirləri barədə maarifləndirmə işlərinin aparılması, məsləhətlər verilməsi və s. aiddir. Bu da sahibkarlıq subyektlərinin qanunvericiliyin tələblərinə əməletmə səviyyəsinin yüksəlməsinə, inzibati tədbirlərə əsas verən hərəkətlərin minimuma endirilməsinə, onların fəaliyyətinin davamlılığına xidmət edəcək.

Bundan başqa, qanun layihəsi ilə lisenziyanın dayandırılması və ləğvi üçün yeni əsasın müəyyən olunması planlaşdırılır. Hazırda lisenziya sahibi tərəfindən ölkə qanunlarının tələblərinə və lisenziyanın şərtlərinə riayət edilməməsi hallarını aşkar edən nəzarət orqanı lisenziyanın dayandırılması və ləğvi üçün lisenziya verən orqana təqdimat göndərməlidir. Təklif olunan düzəlişə əsasən lisenziya (icazə) sahibi lisenziya və icazə şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair lisenziya və icazə verən orqanın, həmçinin müvafiq nəzarət orqanının göstərişlərini yerinə yetirməməsi (Qanunun 25.1.2-ci maddəsi) də belə təqdimatın verilməsi üçün əsas yaradacaq.

Eyni zamanda yanacaqdoldurma obyektlərinin fəaliyyətinin də lisenziya tələb olunan fəaliyyət növünə aid edilməsi və bu məqsədlə Qanunun 1 nömrəli əlavəsinin 10-cu maddəsinin yeni redaksiyada verilməsi nəzərdə tutulur. Yanacaqdoldurma və qaz təchizatı obyektlərinin xüsusiyyətləri nəzərə alınmaqla 10-cu maddədə nəzərdə tutulmuş fəaliyyət növünə münasibətdə bir sıra tələblər müəyyən olunur. Buraya bu fəaliyyət növünə lisenziya verilərkən lisenziyanın verildiyi tarixdən 30 gün müddətində lisenziya sahibi ilə lisenziya verən orqan arasında lisenziya müqaviləsinin bağlanması tələbi, əks halda lisenziyanın hüquqi nəticələr yaratmaması aiddir:

Bundan başqa, sənədlə lisenziya və icazələr haqqında qanunun təkmilləşdirilməsi məqsədilə bir sıra dəqiqləşdirmələrin aparılması, o cümlədən Qanuna yeni anlayışın “lisenziyalaşdırma subyektləri” anlayışının daxil edilməsi, yanacaqdoldurma və qaz təchizatı obyektlərinin istismarına görə dövlət rüsumunun müəyyən olunması, “Lisenziyalar və icazələr haqqında” Qanunun 27.3-cü maddəsindən irəli gələrək bu maddənin tələblərinin pozulmasına görə inzibati məsuliyyətin nəzərdə tutulması müəyyən edilir. Belə ki, Qanunun 27.3-cü maddəsinə əsasən Qanunun 1 nömrəli əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinin həyata keçirilməsi zamanı lisenziyanın sahibi tərəfindən qanunlara və lisenziyanın şərtlərinə riayət edilmədikdə və bu Qanunun 25.1.2-ci maddəsi ilə müəyyən edilən göstərişlər (lisenziya və icazə verən orqanın, həmçinin müvafiq nəzarət orqanının göstərişləri) yerinə yetirilmədikdə, nəzarət orqanı lisenziyanın dayandırılması və ləğvi üçün lisenziya verən orqana əsaslandırılmış təqdimat göndərməlidir. Bu təqdimatın verilməməsi İnzibati Xətalar Məcəlləsinin 602-1.6-cı maddəsinə əsasən inzibati xəta hesab olunur və cərimə sanksiyası nəzərdə tutulur. Bu maddə nəzarət orqanlarının nəzarət fəaliyyətinin səmərəliyinin daha da güclənməsinə xidmət edəcək.

Layihə səsverməyə çıxarılaraq parlamentin plenar iclasına tövsiyə olunub.

Əlaqəli Xəbərlər