Arıqlamağın sağlam yolları NƏLƏRDİR?


“Çəki itirmək üçün tətbiq olunan pəhrizlər fərqli yanaşmalar təqdim edir. Amma onların hər biri müxtəlif üstünlüklərə və mümkün risklərə malikdir. Bu səbəbdən pəhriz seçimi edərkən sağlamlıq vəziyyəti, həyat tərzi və şəxsi məqsədlər nəzərə alınmalıdır. Aralıq dənizi pəhrizinin əsasını tərəvəz, meyvə, zeytun yağı, balıq, qoz-fındıq və tam taxıllar təşkil edir. Bu diyet sağlam həyat tərzinin bir parçası kimi tanınır və çəkini idarə etməkdə də təsirlidir. Faydası ondan ibarətdir ki, ürək-damar xəstəlikləri riskini azaldır. Lif və antioksidantlarla zəngindir, buna görə də həzm sistemi üçün faydalıdır. Qan şəkəri səviyyəsini tənzimləyir və diabet riskini azaldır. Lakin porsiya ölçülərinə nəzarət edilməzsə, yüksək kalorili qidalar çəki itirmə prosesini çətinləşdirə bilər. Keyfiyyətli və təzə ərzaqların qiyməti daha yüksək ola bilər”. Bu sözləri sağlam qida təbliğatçısı Asim Vəliyev SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, az karbohidratlı pəhrizlər əsasən karbohidratların ciddi şəkildə azaldılmasını və yağlarla zəngin qidalanmanı təşviq edir: “Orqanizm enerjini əsasən yağlardan alaraq ketoz vəziyyətinə daxil olur. Faydası ondan ibarətdir ki, sürətli çəki itkisini təşviq edir, qan şəkərinin səviyyəsini sabit saxlamağa kömək edir və iştahı azaldaraq qida qəbulunu idarə edir. Lakin ketoz vəziyyəti baş ağrısı, yorğunluq, mineral və vitamin çatışmazlığına səbəb ola bilər. Uzunmüddətli istifadə böyrək və qaraciyər üzərində mənfi təsir göstərə bilər. Oruc pəhrizləri müəyyən zaman aralığında qida qəbulunu məhdudlaşdırmağa əsaslanır. Ən çox tətbiq olunan 16/8 yanaşmasıdır: 16 saat ac qalmaq və 8 saat ərzində yemək yemək. Faydası ondan ibarətdir ki, həzm sistemini dincəldir və insülin həssaslığını artırır. Kalori qəbulunu azaltmağa kömək edir. Lakin uzun müddət ac qalmaq enerji çatışmazlığı, başgicəllənmə və yorğunluğa səbəb ola bilər. Diabet və ya hamiləlik kimi xüsusi hallarda tətbiqi riskli ola bilər.

Vegan pəhrizi yalnız bitki mənşəli qidalarla qidalanmağı nəzərdə tutur. Bu yanaşma çəkini idarə etmək və ətraf mühitə təsiri azaltmaq məqsədilə tərceh edilir. Faydalı tərəfi ondan ibarətdir ki, xolesterolu azaldır və ürək xəstəlikləri riskini aşağı salır. Lif və vitaminlərlə zəngindir, həzmi yaxşılaşdırır. Lakin protein, dəmir, B12 vitamini və omeqa-3 çatışmazlığı yarana bilər. Doğru balanslaşdırılmadıqda enerji çatışmazlığı və əzələ zəifliyinə səbəb ola bilər. Çəki itirmək üçün ən effektiv pəhrizlər şəxsin həyat tərzinə və sağlamlıq vəziyyətinə uyğun olaraq seçilməlidir. İstənilən pəhrizə başlamazdan əvvəl həkimlə məsləhətləşmək vacibdir. Əsas məqsəd yalnız çəki itirmək deyil, həm də uzunmüddətli sağlamlığı qorumaq olmalıdır”.

Əlaqəli Xəbərlər