Latviyada 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib


Azərbaycanın Latviyadakı Səfirliyinin təşkilatçılığı ilə bu ilin yanvarın 20-də Riqa şəhərinin tarixi-memarlıq abidəsi olan Kiçik Gildiyada 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, səfirlikdən verilən məlumata görə, əvvəlcə 1990-cı ildə Azərbaycanda və 1991-ci ildə Latviyada yaşanan 20 Yanvar faciələrinin qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov çıxış edib. O xatırladıb ki, 1980-ci illərin sonlarında Ermənistan ölkəmizə qarşı əsassız ərazi iddiaları irəli sürüb, indiki Ermənistandan yüz minlərlə azərbaycanlı tarixi torpaqlarından qəddarlıqla deportasiya edilib və Sovet rəhbərliyinin bu qanunsuz hərəkətlərə dəstək verməsi Azərbaycanda haqlı etirazlara səbəb olub və milli azadlıq hərəkəti geniş vüsət alıb. Səfir 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə SSRİ-nin rəhbərliyinin göstərişi ilə Sovet ordusunun Azərbaycanda dinc əhaliyə qarşı törətdiyi amansız qırğın barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. O, Ümummilli Lider Heydər Əliyevin 20 Yanvar faciəsindən dərhal sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, keçirdiyi mətbuat konfransı ilə informasiya blokadasını yardığını, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirdiyini və qırğını törədənlərinin cəzalandırılmasını tələb etdiyini diqqətə çatdırıb. Ulu Öndərin bu cəsarətli addımının Azərbaycan xalqını azadlıq uğrunda mübarizəyə ilhamlandırdığını bildirən səfir 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın bu dövr ərzində çətin, lakin şərəfli yol keçdiyini, ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdiyini, müstəqil siyasət həyata keçirdiyini və güclü iqtisadiyyat qurduğunu vurğulayıb.

Sonra Latviya Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun sədri Oleqs Burovs çıxışında faciə qurbanlarının xatirəsinin qəlblərimizdə daim yaşayacağını diqqətə çatdırıb və 1991-ci ilin yanvarın 20-də Riqada baş verən faciə və “barrikadalar hərəkatı” barədə danışıb. O, hər iki ölkənin oxşar tarixi keçmişinin olduğunu, azadlıq uğrunda xalq hərəkatında fəallıq göstərən insanların qorxmayaraq Sovet ordusunun qarşısına əliyalın çıxdıqlarına diqqət çəkib və 20 Yanvar tarixinin iki ölkənin azadlıq uğrunda mübarizə simvoluna çevrildiyini qeyd edib. O.Burovs həmçinin, Azərbaycan və Latviya arasında güclü əsaslara dayanan əlaqələrin mövcud olduğunu və 2024-cü ili may ayında Latviya Seyminin spikerinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycana səfəri çərçivəsində azad olunmuş əraziləri ziyarət etdiyini xatırladaraq, Azərbaycan Hökuməti tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini yüksək qiymətləndirdiyini söyləyib.

Anım tədbiri faciə qurbanlarının xatirəsinə həsr edilmiş klassik musiqi proqramı ilə davam edib. Latviya Milli Simfonik Orkestrinin musiqiçiləri Azərbaycan, Latviya və digər ölkələrin tanınmış bəstəkarlarının əsərlərini səsləndirib.

Tədbirdə Latviya Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri, diplomatik missiyaların rəhbərləri, akademik, dini və ictimai dairələrin nümayəndələri, Latviyada yaşayan Azərbaycan icmasının üzvləri, eləcə də bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbir çərçivəsində Qanlı Yanvar faciəsinə həsr olunmuş fotosərgi təşkil edilib.

Həmçinin qeyd edək ki, Azərbaycanın Latviyadakı Səfirliyinin qarşısında 20 Yanvar faciəsini əks etdirən fotoşəkillərdən ibarət guşə qurulub.

Əlaqəli Xəbərlər